ABŞ lideri Donald Tramp keçmiş prezidentlər - Barak Obama, habelə böyük və kiçik Buşların portretlərinin Ağ Evin ziyarətçilər üçün bağlı olan hissəsinə köçürülməsi üçün göstəriş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Vaşinqton administrasiyasının 44-cü rəhbəri Obamanın əvvəllər Ağ Evin girişində yerləşdirilən portreti şəxsi iqamətgaha aparan pilləkənin yuxarı hissəsinə köçürülüb. Bu zona ziyarətçilər üçün tamamilə bağlıdır: ora yalnız prezidentin ailə üzvləri, ABŞ Məxfi Xidmətinin əməkdaşları və Ağ Evin aparatının məhdud sayda əməkdaşlarının girişinə icazə verilir. Mənbə qeyd edib ki, Buşların portretləri də prezident iqamətgahının bu bölməsinə köçürülüb.
CNN vurğulayır ki, bu addım Trampla Obama arasında uzun müddətdir davam edən gərginliklə bağlıdır. ABŞ-nin hazırkı lideri onu administrasiyası Rusiyanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı kəşfiyyat məlumatı hazırladığına görə bu yaxınlarda vətənə xəyanətdə ittiham etmişdi.
Teleşirkət qeyd edib ki, Trampın Buş ailəsi ilə münasibətlərində də uzun müddətdir davam edən ziddiyyətlər var. Kiçik Corc Buş və həyat yoldaşı bu il Trampın andiçmə mərasimində iştirak etsə də, sonrakı tədbirlərə qatılmayıb.
Mənbələr bildiriblər ki, Tramp Ağ Evin interyerindəki bütün dəyişikliklərə ən xırda detallara qədər şəxsən özü nəzarət edir. Obamanın portreti əvvəllər də prezident iqamətgahının Böyük Foyesinin bir başından digər başına köçürülmüşdü: onu Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçkiqabağı kampaniya zamanı Trampa qarşı sui-qəsd səhnəsini əks etdirən rəsmlə əvəzləmişdilər.
Ağ Evin protokoluna əsasən, son illərin prezidentlərinin portretləri binanın girişində görkəmli yerlərdə yerləşdirilməlidir ki, onları rəsmi tədbirlərdə qonaqlar və turistlər görə bilsinlər.