İyulun 13-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) genişmiqyaslı xüsusi əməliyyat keçirərək, Rusiya Federasiyası (RF) ərazisində və Krımda eyni vaxtda bir sıra hərbi, logistik və yanacaq obyektlərinə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb:
"Rusiya Federasiyasına qarşı yönəlmiş bu həmlələr düşmənin hərbi və iqtisadi gücünün zəiflədilməsi məqsədilə Ukrayna Prezidentinin verdiyi göstərişlərə uyğun olaraq icra edilir".
Məlumata görə, UTX-yə məxsus PUA-lar vasitəsilə Qara dəniz sularında iki ədəd "Manqust" patrul kateri, Krım ərazisində yerləşən "Baqerovo" hərbi aerodromunda xüsusi təchizat və hərbi texnika saxlanılan anqarlar, düşmənin zərbə dronları və pilotsuz qayıqları müəyyən etmək üçün tətbiq etdiyi üç ədəd stasionar radiolokasiya stansiyası məhv edilib. Bundan əlavə, idarədən verilən açıqlamaya görə, zərbələr nəticəsində Kerç şəhərindəki "Krım" bərə keçidində "Mariya" və "Yeysk" adlı avtomobil bərələri, "Kavkaz" limanındakı "Panaqiya" və "Lavrentiy" bərələri; həmin limanda neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş üç çən, "Kavkaz" yük stansiyasında yerləşən sistern-qatar və Rusiya Federasiyasının Stavropol vilayətinin Vyazniki kəndindəki neft bazasının rezervuarları (600 kilometr məsafədə) zərər görüb.
Bundan əlavə, Pilotsuz Sistemlər Qüvvələri komandanının Teleqram kanalında verdiyi məlumatda qeyd edilir ki, iyulun 13-nə keçən gecə Pilotsuz Sistemlər Qüvvələri RF-nin kölgə donanmasının 15 gəmisini - yeddi tanker, beş yük gəmisi, bir bərə və iki yedək gəmisini vurub. Ümumilikdə, iyulun 6-dan 13-dək olan dövrdə 105 üzən vasitəyə səmərəli zərbələr endirilib.
Məlumata görə, iyulun 13-nə keçən gecə Krımda və digər işğal olunmuş ərazilərdə müxtəlif gücdə doqquz enerji qovşağı - yarımstansiyası və "Krım" strateji elektrik enerjisi ötürmə məntəqəsi (48 saat ərzində ikinci dəfə) vurulub.
Onun sözlərinə görə, düşmənin dörd HHM (hava hücumundan müdafiə) vasitəsi zərərsizləşdirilib. Bunların sırasına S-400 "Triumf" zenit-raket kompleksi, "Tor" ZRK və iki ədəd radiolokasiya stansiyası daxildir.
Ümumilikdə, ötən sutka ərzində Ukrayna Ukrayna Silahlı Qüvvələrinin bölmələri tərəfindən bütün cəbhə xətti boyu taktiki dərinlikdə 1 725 hədəf, o cümlədən düşmənin 418 canlı qüvvəsi vurulub.