Alkoqolu enerji içkiləri ilə qarışdırmaq olmaz.
Oxu.Az-ın xəbərinə görə, bu barədə tibb işçisi Xorxe Anxel "Deia" nəşrinə müsahibəsində xəbərdarlıq edib.
O bu məşhur içkinin alkoqolla qarışdırılmasının nəticələrindən danışıb.
Xorxe Anxel alkoqolu enerji içkiləri ilə birlikdə qəbul etməməyi tövsiyə edib, çünki enerji içkilərinin tərkibində kofein və spirtin təsirini maskalayan digər stimullaşdırıcılar mövcuddur. Nəticədə insan normadan artıq içməyə davam edir və eyni zamanda özünü ayıq hiss edir. Bu hal "oyaq sərxoşluq" kimi də tanınır. Lakin müəyyən bir məqamda insan qəfildən sərxoşluğun təsirini hiss edə bilər.
Alkoqol və enerji içkilərini qarışdırmağın nəticələri çox təhlükəli ola bilər. Ən ağır nəticələr kimi həkim aritmiya və infarktı qeyd edib. Bundan əlavə, bu kombinasiya orqanizmin güclü şəkildə susuzlaşmasına və sərxoşluqdan sonrakı vəziyyətin ağırlaşmasına səbəb ola bilər.
Xorxe Anxel vurğulayıb ki, uzunmüddətli perspektivdə belə bir kokteyl beyində mükafatlandırma sistemini dəyişdirərək vərdiş yaradır və bu da nəticədə asılılığa səbəb ola bilər.