Diyetoloq Andrea Urizar pivəni ən zərərli spirtli içkilərdən biri hesab etdiyini bildirib və bunun səbəblərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, onun fikirlərini "20minutos" nəşri dərc edib.
"Diyetoloq olaraq hesab edirəm ki, pivə ən zərərli spirtli içkilərdən biridir. Çünki sağlamlığa mənfi təsir göstərir, ürək-damar xəstəlikləri riskini artırır, maddələr mübadiləsində problemlərə səbəb ola bilər, çəkiyə təsir edir, iltihab və orqanizmdə maye yığılmasına gətirib çıxarır", - deyə Andrea Urizar xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, spirtli içki qəbul edən şəxslərin qan analizlərində mütəmadi olaraq müəyyən dəyişikliklər müşahidə olunur. Xüsusilə, pivə qəbul edənlərdə sidik turşusu və triqliseridlərin səviyyəsi daha yüksək ola bilər.
Mütəxəssis qeyd edib ki, bu dəyişikliklər çəkiitirmə prosesinə, o cümlədən qarın nahiyəsində piylənməyə təsir göstərə bilər.
"Triqliseridlərin səviyyəsi yüksək olduqda qanda şəkərin uzunmüddətli göstəricisi olan qlikozilləşdirilmiş hemoqlobinin səviyyəsi də arta bilər. Bu isə prediabet və 2-ci tip diabet riskini yüksəldə bilər. Sidik turşusunun yüksək səviyyəsi də sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Buna görə də məsələyə yüngül yanaşmaq olmaz", - deyə Andrea Urizar vurğulayıb.