Dörd Fransa vətəndaşı Kanberrada imkanlı avstraliyalıların evini qarət edib. Onlara hədəf seçilən evin ünvanını müəyyənləşdirmələrinə isə "ChatGPT" kömək edib.
Oxu.Az xəbər verir ki, bu barədə zeronum.online yazıb.
Məlumata görə, cinayətkarlardan biri gələcək qurbanların "Instagram"dakı fotolarını diqqətlə araşdırıb və kadrlarda bahalı zinət əşyaları, dizayner çantaları, həmçinin hovuz və tennis kortu olan həyət görüb. Fotolardan birində çiçək açan sakura da kadra düşüb.
Qarətçi neyroşəbəkənin köməyi ilə şəklin böyük ehtimalla Avstraliyanın paytaxtında çəkildiyini müəyyən edib. Digər istiqamətverici məqam isə fotoda görünən "Black Mountain Tower" olub.
Bundan sonra kişi "ChatGPT"dən Kanberrada hovuz və tennis kortu olan evlərin yerləşdiyi rayonları sadalamasını istəyib və qısa müddətdə konkret malikanəni tapıb.
2025-ci ilin oktyabrında dörd nəfərin hamısı Tailanddan Sidneyə uçub, oradan isə birbaşa Kanberraya yollanıb. Onlar sakinlərin evdən çıxmasını gözləyiblər. Sonra ağac gövdələri ilə pəncərəni sındıraraq içəri daxil olublar.
Əvvəlcə polis oğurlanan əşyaların dəyərini təxminən 10 milyon Avstraliya dolları (təxminən 7,1 milyon ABŞ dolları - red.) qiymətləndirib, lakin məhkəmədə məbləğ 2 milyon Avstraliya dollarından bir qədər aşağı (təxminən 1,4 milyon ABŞ dolları - red.) endirilib.
Əşyaların bir hissəsini, o cümlədən dizayner çantalarını geri qaytarmaq mümkün olub. Hakimiyyət orqanları bəzi əşyaları qarətçilər onları vətənlərinə göndərdikdən sonra aşkar ediblər. İndiyədək itkin düşən əşyalar arasında sahiblərinin təxminən 5 milyon Avstraliya dolları (təxminən 3,5 milyon ABŞ dolları - red.) dəyərində qiymətləndirdiyi "Richard Mille RM88 Smiley" saatı da var. Lakin prokurorluq ən bahalı əşyaların bir qisminin həqiqiliyini təsdiqləyə bilməyib: sahiblərində nə qəbz, nə alış sənədləri, nə də sertifikatlar olub.
Dörd nəfərin hamısı qarətdən bir neçə gün sonra Sidneydəki "KFC" restoranında saxlanılıb. Onlar oğurluq məqsədilə yaşayış evinə qanunsuz daxil olmaqda və qrup halında oğurluqda təqsirlərini etiraf ediblər.