Özbəkistan və ABŞ respublikadakı nadir torpaq metallarının işlənməsi, habelə süni intellekt sahəsində əməkdaşlıq haqqında sazişlər imzalayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti yayıb.
Özbəkistan prezidenti Mərkəzi Asiya ölkələri-ABŞ sammitində iştirak etmək üçün Vaşinqtonda işgüzar səfərdədir. O, səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
"ABŞ-nin aparıcı şirkətlərinin, investisiya fondlarının və maliyyə institutlarının rəhbərləri ilə dəyirmi masa arxasında görüşün nəticələrinə əsasən, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və ABŞ-nin ticarət naziri Hovard Latnikin iştirakı ilə ikitərəfli sazişlərin mübadiləsi mərasimi keçirilib", - deyə məlumatda bildirilir.
Məsələn, Özbəkistan Mədən Sənayesi və Geologiya Nazirliyi ilə "Denali Exploration group" şirkəti, habelə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu ilə "Re Element Technologies" şirkəti nadir torpaq metalları sahəsində layihələrin həyata keçirilməsinə dair əməkdaşlıq barəsində sazişlər imzalayıblar.
"Bu kontekstdə Özbəkistan və ABŞ uran, mis, volfram, molibden və qrafitin hasilatını və dərin emalını inkişaf etdirəcəklər. Etibarlı təchizat zəncirlərinin qurulması və ABŞ-nin qabaqcıl emal texnologiyalarının tətbiqi planlaşdırılır", - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi və "Palo Alto Networks" arasında süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalanıb.
"ABŞ-nin "Google", "Meta", NVIDIA şirkətləri ilə rəqəmsal əməkdaşlıq genişlənir və "Apple Pay", "Google Pay" ödəniş sistemlərinin tətbiqini, Rəqəmsal Akademiya və startap-hablar şəbəkəsinin yaradılmasını nəzərdə tutur", - deyə mətbuat xidmətinin məlumatında daha sonra deyilir.
Özbəkistan tərəfinin məlumatına görə, respublikada 2028-ci ilə qədər kritik mineral xammal sahəsində 1.6 milyard dollarlıq 70-dən çox layihənin həyata keçirilməsi planlaşdırılır. Özbəkistanda volfram, molibden, maqnezium, litium, germanium, qrafit, vanadium və titan kimi 30-dan çox metal yataqları aşkar edilib.
ABŞ Prezidenti Donald Tramp Şavkat Mirziyoyevlə danışıqlarının yekunlarına əsasən, "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb ki, növbəti üç ildə Özbəkistan ABŞ iqtisadiyyatına 35 milyard dollar, sonrakı 10 il ərzində isə daha 100 milyard dollardan çox vəsait yatıracaq.
"ABŞ və Özbəkistan arasında inanılmaz ticarət-iqtisadi sazişini elan etməkdən məmnunam. Növbəti üç il ərzində Özbəkistan Birləşmiş Ştatlardan (məhsul) satın alacaq və onun əsas sənaye sahələrinə təxminən 35 milyard dollar maliyyə yatıracaq", - deyə Ağ Evin başçısı vurğulayıb.
Üstəlik, növbəti on il ərzində Özbəkistandan 100 milyard dollardan çox əlavə maliyyə daxil olacaq. Donald Tramp özbəkistanlı həmkarına təşəkkür edərək onu inandırıb ki, Vaşinqton bu respublika ilə uzunmüddətli və məhsuldar münasibətlərə köklənib.