Özbəkistanın Qaşqadərya vilayətində qazdoldurma məntəqəsində qeydə alınan partlayış nəticəsində altı nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
"İyunun 8-də yerli vaxtla 13:50-də (Bakı vaxtı ilə 12:50 - red.) Qaşqadərya vilayətinin yanğından mühafizə idarəsinə məişət qaz balonlarının doldurulduğu məntəqədə partlayış baş verməsi barədə siqnal daxil olub. Alov yerli vaxtla 14:55-də (Bakı vaxtı ilə 13:55 - red.) tamamilə lokallaşdırılıb. Hadisə nəticəsində altı nəfər həlak olub, daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilib", - deyə FHN-in "Telegram" kanalında dərc olunan məlumatda bildirilib.
İlkin məlumatlara əsasən, yanğın nəticəsində dörd avtomobilə və iki yeraltı yanacaq çəninə ciddi ziyan dəyib.
Qurumdan o da bildirilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığına əsasən xüsusi hökumət komissiyası yaradılıb. Sözügedən komissiya zərərçəkənlərə lazımi köməklik göstərilməsi, partlayışın səbəblərinin araşdırılması və gələcəkdə bu cür bədbəxt hadisələrin qarşısının alınması istiqamətində tədbirlərin icrası ilə məşğul olacaq.