"Real Madrid" klubu "Barselona"nın sanksiyalara məruz qalması və bir sıra titullardan məhrum edilməsi məqsədilə "Neqreyra işi" ilə bağlı xüsusi hesabatı Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mənzil-qərargahına göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə "Diario AS" qəzeti məlumat yayıb.
Hələ may ayında "Real Madrid"in prezidenti Florentino Peres "Barselona"nın da əsas fiqurlarından biri olduğu "Neqreyra işi" barədə sərt fikirlər səsləndirmişdi. O, İspaniya çempionatının rəhbərliyini klubunun düşməni adlandıraraq bildirmişdi ki, "Barselona" həmişə qazanan tərəf olur, çempionatın hakimləri isə kataloniyalıların hesabına varlanırlar. Elə həmin vaxt Peres korrupsiya elementlərini özündə əks etdirən müvafiq hesabatı UEFA-ya göndərmək niyyətində olduğunu bəyan etmişdi.
Mənbənin məlumatına əsasən, "Kral klubu" rəqibinin Avropa yarışlarından kənarlaşdırılmasını, həmçinin İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Enrikes Neqreyranın fəaliyyəti dövründə qazandıqları titulların ləğv edilməsini tələb edir. Xatırladaq ki, həmin dövr ərzində "Barselona" 9 dəfə İspaniya çempionu olub, 6 dəfə ölkə kubokunu, 8 dəfə isə İspaniya Superkubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, 2023-cü ildə "Barselona"ya Enrikes Neqreyraya edilən ödənişlərlə əlaqədar rüşvətxorluq ittihamları irəli sürülüb. Media nümayəndələrinin məlumatına görə, 2001-2018-ci illər aralığında Neqreyra hakimlərin işi ilə bağlı "Barselona"ya verdiyi ehtimal olunan məsləhətlərə görə təxminən 7 milyon avro gəlir əldə edib.
"El Pais" qəzetinin yazdığına görə, Hakimlər Texniki Komitəsi sədrinin keçmiş müavininə məxsus şirkət klubun İspaniya çempionatı və ya kubokunda oynadığı hər matçdan əvvəl "Barselona"nın ofislərinə xüsusi zərflər göndərirmiş. Bu zərflərin içərisində isə növbəti matçı idarə edəcək hakimin profili barədə yazılı hesabat və geniş videoanaliz yer alıb.