Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid yaxınlığında baş verən atışma zamanı polis qüvvələri tərəfindən üç terrorçu zərərsizləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb.
Məlumata görə, cümə namazı qılındığı vaxt içərisində partlayıcı maddələr olan və kamikadze tərəfindən idarə edilən avtomobil "Old Police Lines" kompleksinin qapısına çırpılıb. Nəticədə məscidin divarlarından biri uçub. Daha sonra tərəflər arasında silahlı atışma başlayıb və bu əsnada Xüsusi Polis İdarəsinin binası qarşısında növbəti partlayış qeydə alınıb.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, Kohat şəhərində polis kompleksi və məscid ətrafında törədilən terror hücumları nəticəsində beşi hüquq-mühafizə orqanı əməkdaşı olmaqla, ümumilikdə 16 nəfər həyatını itirib.
Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində cümə namazı vaxtı məscid yaxınlığında baş verən partlayış nəticəsində ən azı 15 nəfər həlak olub, daha 50 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Geo TV" telekanalı yayıb.
Verilən məlumata görə, sözügedən məscid polis bölməsinin yaxınlığında yerləşir. Partlayışın gücündən ibadətgahın divarlarından biri uçub. Hazırda hadisə yerində xilasetmə qrupları fəaliyyət göstərir. Yaralılar xəstəxanalara yerləşdiriliblər.