Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində polis bölməsi yaxınlığında bomba partlayışı nəticəsində ən azı 17 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, terror aktı avqustun 2-də Svat bölgəsində baş verib. Öldürülənlər arasında 7 polis əməkdaşı və 10 dinc sakin var.
Pakistan Baş naziri Şahbaz Şərif terror qurbanlarının ailə üzvlərinə başsağlığı verib.
Əfqanıstanla həmsərhəd olan Bəlucistan və Xeybər-Paxtunxva əyalətləri 2025-ci ildə Pakistandakı terror hücumlarının 90%-ni təşkil edirdi. Hər iki ərazidə fəaliyyət göstərən silahlı dəstələr bəluc və puştun kimi etnik azlıqların hüquqlarını qorumaq adı altında mülki əhaliyə, eləcə də təhlükəsizlik qüvvələrinə qarşı mütəmadi olaraq hücumlar təşkil edirlər.
Xeybər-Paxtunxva ərazisindəki radikal qruplar Vəziristan adlı islam dövləti qurmaq məqsədilə fəaliyyət göstərirlər. Sözügedən bölgə Əfqanıstan sərhədindəki qəbilə ərazilərini əhatə edir. "Fitnə əl-Xəvaric" qruplaşması və "Əl-Qaidə" terror təşkilatının yaraqlılarının aktivliyi səbəbindən bura Pakistanın ən təhlükəli və qaynar nöqtələrindən biri hesab olunur.