Çimərlik mövsümü başlayandan respublikanın qeyri-çimərlik ərazilərdə batan 40 nəfərin meyiti çıxarılıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə 2026-cı ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.
Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində sudaboğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.
Qeyd edək ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərdə batan 40 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN bir daha əhaliyə müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.