İtaliya cinayətkar qruplaşmaları qara bazarda dövriyyəyə buraxılan müasir silahları, o cümlədən pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş sursatları əldə etməyə çalışırlar.
Oxu.Az xəbər verir ki, bu barədə ANSA agentliyi Palermo şəhərinin baş prokuroru Mauritsio de Luçiyaya istinadən məlumat yayıb.
"Bizə məlumdur ki, mafiya daha mürəkkəb silah növləri ilə maraqlanır. Söhbət Rusiya-Ukrayna müharibəsi zamanı qara bazara çıxarılan silahlardan gedir. Biz pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş sursatların əldə edilməsinə dair əlamətlər müşahidə edirik və bunlar hazırda müdafiə olunmağa tam hazır olmadığımız silahlardır", - deyə de Luçiya bildirib.
Onun sözlərinə görə, bu tendensiya təkcə Palermoda fəaliyyət göstərən mafiya qruplaşmalarına deyil, İtaliyanın digər bölgələrində fəaliyyət göstərən cinayətkar şəbəkələrə də aiddir.
Baş prokuror əlavə edib ki, hüquq-mühafizə orqanları artıq Balkanlardan İtaliyaya gətirilmiş silah partiyasını aşkar ediblər.
De Luçiya qeyd edib ki, mafiya təkcə Palermoda deyil, ölkənin digər bölgələrində də yüksək texnologiyalı silah arsenalını yenidən formalaşdırmağa çalışır. Onun sözlərinə görə, dövlət qurumları hələlik bu tip silahların yaratdığı təhlükələrə qarşı tam hazır deyil.