Böyük Britaniyanın Baş naziri Endi Börnhem futbol üzrə dünya çempionatının kommersiya hüquqlarının özəl investorlara satılması planına etiraz edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.
Börnhemin sözlərinə görə, dünyanın ən nüfuzlu futbol turniri kommersiya məhsuluna çevrilməməlidir.
"Qoy bunu aydın şəkildə deyim. Futbol investorlara məxsus deyil. O, hər həftə istənilən hava şəraitində tribunaları dolduran və meydanın kənarında dayanan insanlara məxsusdur. Dünya çempionatı əmtəə deyil. Bu, dünya idmanının ən möhtəşəm yarışıdır. Heç kimin onu satmağa haqqı yoxdur. Bu sövdələşməni istədiyiniz kimi adlandıra bilərsiniz, amma oyunun hətta kiçik bir hissəsini satdığınız anda onun mahiyyətinə xəyanət etmiş olursunuz. Futbol azarkeşlərindir. Həmişə belə olub və belə də qalacaq", - deyə Börnhem bildirib.
Daha əvvəl "The Times" qəzeti yazmışdı ki, FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırır. Məlumata görə, bunun üçün FIFA-nın kişilər və qadınlar arasında keçirilən dünya çempionatlarının, eləcə də klublararası dünya çempionatının kommersiya hüquqlarını idarə edəcək yeni şirkətin yaradılması nəzərdə tutulur.
Nəşrin məlumatına əsasən, layihə ilə bağlı ABŞ Prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə məsləhətləşmələr aparılıb. Plan həyata keçirilərsə, FIFA-nın 211 üzv assosiasiyasının hər biri təxminən 20 milyon ABŞ dolları dəyərində pay ala bilər. Bildirilir ki, Canni İnfantino yeni yaradılacaq şirkətdə komissar vəzifəsini tuta bilər.