Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paris-2024-də əks-səda yaradan türkiyəli atıcı Yusuf Dikeç: "Tənqidi fikirlər səsləndirirlər"
Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında əli cibində gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç bu hərəkətinin səbəbi və digər məqamlar barədə açıqlamalar verib.
Bu barədə Oxu.Az İhlas Xəbər Agentliyinə (İHA) istinadən xəbər verir.
İHA müxbirinə danışan Dikeçin sözlərinə görə, orta məktəb və lisey illərində güləşi buraxdıqdan sonra, hərbi məktəbdə poliqonun (atıcılıq meydançası) qarşısından keçdiyi zaman təsadüfən bu idman növünə başlayıb.
"İlk olimpiadam Pekin-2008 idi. Bu, beşinci olimpiadamdır. Atıcılıq növündə respublika tarixində ilk Olimpiya medalını bizə bəxş etdiyi üçün Allaha nə qədər şükür etsək, azdır. Ölkəmizin 100-cü ilində belə bir medal qazandıq", - deyə o qeyd edib.
"Təbii ki, birinci gələn serb idmançı da bizim dostumuzdur. Hətta olimpiadadan iki gün sonra o mənə mesaj göndərdi ki, Dikeç, qızıl medalı bizmi qazandıq, yoxsa sənmi, başa düşə bilmədim. Çünki mənim ölkəmdə sən bir nömrəsən. Təbii ki, bunları duymaq xoş hisslərdir", - deyə atıcı əlavə edib.
Yusuf Dikeç həmçinin özünün atış mövqeyində də hər hansı xüsusi məqsədin olmadığını deyib.
"Sadəcə, əlimi cibimə qoymağımın səbəbi bədənimi bir az daha sabit saxlamaq, daha rahat dayana bilməkdir. Çünki atəş açdığımız hədəf çox həssasdır. Təbii ki, bununla bağlı bəzi tənqidi və mənfi fikirlər də səsləndirirlər. "Əli cibindədir, lovğadır" kimi sözlər deyirlər. Əminəm ki, bu insanlar atıcılıq haqqında elə də məlumatlı deyillər. Mən 15 il əvvəl dünya çempionu olduğum zaman da yenə əlim cibimdə idi və eyni mövqedə idim, dəyişən bir şey yoxdur", - deyə Dikeç məşhur hərəkətinin səbəbini açıqlayıb.
O, həmçinin atış zamanı hər hansı avadanlıqdan istifadə etməməsi ilə bağlı tənqidlərə də aydınlıq gətirib.
"Əslində mən avadanlıqdan istifadə etmirəm. Ölkəmin, federasiyamızın avadanlıq və ya silahla bağlı heç bir çatışmazlığı yoxdur. Mənə belə daha rahatdır, iki gözüm açıq halda atış etdiyim üçün avadanlıqlardan istifadə etmirəm", - deyə atıcı vurğulayıb.
Rəylər