Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda telefon danışığı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanı seçkidə qələbəsi münasibətilə təbrik etməyib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Paşinyan bunu jurnalistlərə açıqlamasında bildirib.
Jurnalistlərin Rusiya prezidenti tərəfindən təbrik alıb-almaması barədə sualını cavablandırarkən baş nazir - "Xeyr, təbrik etmədi", - deyə bildirib.
Media nümayəndələri məsələyə aydınlıq gətirilməsini xahiş etdikdə isə, Paşinyan - "Bunu istəmirdim, bu səbəbdən də təbrik etmədi", - ifadəsini işlədib.
Baş nazirdən Putinin təbriklərinin onun üçün vacib olub-olmadığı da soruşulub. "Bilirsiniz, sual budur ki, o, kiminlə danışıb?" - deyə Paşinyan bildirib.
O, həmçinin Rusiya prezidenti ilə görüşü də istisna etməyib. "Ən azından, mütləq müzakirələr və əlaqələrimiz olacaq... Yaxın gələcəkdə görüşmək barədə danışdıq, amma hələlik konkret bir qərar yoxdur", - deyə baş nazir bildirib.
Xatırladaq ki, Vladimir Putinlə Nikol Paşinyan arasında iyulun 27-də telefon vasitəsilə danışıq baş tutub. Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, liderlər ikitərəfli əlaqələrin gündəliyini, xüsusilə də iqtisadi sferada mövcud olan məsələləri müzakirə ediblər. Kremlin yaydığı açıqlamada isə qeyd olunub ki, danışıqlar zamanı Ermənistanın Avropa İttifaqına daxil olması, yaxud Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirməsi ilə əlaqədar ən qısa müddətdə ümumxalq referendumunun təşkil edilməsinin önəmi diqqətə çatdırılıb.