Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounu qəbul edib.
Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, görüş zamanı Paşinyan Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasında ABŞ-nin, xüsusən də Prezident Donald Trampın mühüm rolunu qeyd edərək, 2025-ci il avqustun 8-dən sonra regionda sabit və müsbət mühitin formalaşdığını bildirib.
Eyni zamanda, o, əldə olunmuş razılaşmaların irəlilədilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə prosesin gedişindən məmnunluğunu ifadə edib.
Həmsöhbətlər TRIPP ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") layihəsinin icrası məsələlərini müzakirə ediblər. Tərəflər texniki məsələlərin həlli nəticəsində yaxın gələcəkdə bu istiqamətdə praktiki addımların daha nəzərəçarpacaq olacağına əminliklərini ifadə ediblər.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.