"TRIPP layihəsi daxilində inşa ediləcək dəmir yolu marşrutu Ermənistanın cənub hissəsində hələ Sovetlər Birliyi dövründə mövcud olmuş köhnə xətt üzrə çəkiləcək".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üçün nəzərdə tutulmuş proqramının təqdimatı zamanı bildirib.
"Dəmir yolu marşrutu keçmiş SSRİ dövründən bizə yaxşı tanış olan xətt boyunca salınacaq. Konkret olaraq, o, Ermənistanın cənub sərhədi ilə, Araz çayının sahili boyunca Nrnadzor - Ağarak istiqamətindən keçəcək", - deyə Paşinyan vurğulayıb.
Ölkə başçısının sözlərinə görə, sözügedən dəmir yolu xətti Azərbaycan ərazisindən keçməklə Ermənistanı Rusiya və Mərkəzi Asiya dövlətləri ilə birləşdirəcək. Ağarakdan isə yük qatarları Naxçıvana doğru hərəkət edəcək.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılmasına dair birgə bəyannamə imzalayıblar. Bu təşəbbüs "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) adını alıb.
TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.
İqtisadi xarakter daşıyan bu təşəbbüs özündə dəmir yolunun, avtomobil magistralının, neft kəmərinin, qaz kəmərinin və fiber-optik rabitə xətlərinin inşasını birləşdirir. Layihənin icrası hərbi komponent olmadan, Ermənistan qanunvericiliyinə uyğun şəkildə ABŞ şirkəti tərəfindən həyata keçiriləcək. Plana əsasən, Birləşmiş Ştatlar infrastrukturun inkişafı və təhlükəsiz istismarına cavabdeh olacaq beynəlxalq konsorsiuma bəzi sahələri subicarəyə vermək imkanı ilə birlikdə, layihənin icrası üçün 99 ilə qədər eksklüziv hüquqlar əldə edəcək.