PKK-nın da daxil olduğu “Kürdüstan Cəmiyyətləri Birliyi” adlanan (kürdcə: Koma Civaken Kürdistan - KCK) təşkilatın rəhbəri Cəmil Bayık Türkiyədən çıxardıqları silahlı dəstələrini yenidən geri göndərdiklərini açıqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, C. Bayık bunu Almaniyanın dövlət televiziyası ARD-yə müsahibəsində bildirib. O, “silahlı dəstələrimizi yenidən Türkiyəyə göndərdik”, deyib.
C. Bayık bəyan edib ki, Türkiyədə keçirilən kütləvi etirazlarda kürdlər ölməyə davam edərsə, PKK yenidən silahlı mübarizəyə başlayacaq: “Belə davam edərsə, xalqımızı qorumaq üçün yenidən savaşacağıq. Bizim əsas vəzifəmiz xalqımızı qorumaqdır”.
Qeyd edək ki, PKK terror təşkilatının qərargahı İraqın şimalındakı Kandil dağında yerləşir. Artıq 2 ildir ki, Türkiyə hökuməti kürd probleminin həlli üçün PKK-nın həbsdəki lideri Abdulla Öcalanla gizli danışıqlar aparır. PKK problemin həllinə töhfə vermək üçün qüvvələrinin müəyyən hissəsini Türkiyə ərazisindən çıxardığını və silahlı hücumları dayandırdığını açıqlamışdı.