Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Polşa son illərin ən ağır daşqınının əsarətində: Minlərlə insan təxliyə edildi, ölənlər var
Son illərin ən şiddətli daşqınlarından zərər çəkən Polşanın cənub və cənub-qərb bölgələrindən son 24 saat ərzində azı 2 600 sakin təxliyə edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ölkənin baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamış özünün "X" hesabından məlumat verib.
Qeyd edək ki, Sileziya və Aşağı Sileziya voyevodalıqlarında (Polşada ən böyük inzibati ərazi vahidi - red.) güclü yağışlardan sonra Nisa çayı (Oder çayının sol qolu) daşıb.
Bu, 1997-ci ildən bəri ən şiddətli daşqın hesab olunur. Klodzko şəhərinin mərkəzi və Çexiya sərhədinə yaxın Yelenia-Qura şəhərinin bir hissəsi su altında qalıb. Ordu xilasetmə və yanğınsöndürmə işlərinə kömək edir. KİV-in məlumatına görə, dörd nəfər həlak olub. Ölkənin cənubunda təxminən 50 min sakin elektrik enerjisiz qalıb. Dörd voyevodalıqda 350 məktəb bağlanıb. Baş nazir Donald Tusk fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
Rəylər