Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Polşada prezident seçkisi: Qalib ikinci turda bəlli olacaq
Polşada prezident seçkisinin birinci turunun ilk "exit-poll" nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, "Ipsos"un məlumatlarına görə, prezidentlik yarışının lideri 30.8% səslə hakim "Vətəndaş Platforması" partiyasından namizədliyi irəli sürülmüş Varşavanın liberal meri Rafal Tşaskovskidir.
İkinci yerdə 29.1% səslə sağçı mühafizəkar "Hüquq və Ədalət" partiyası tərəfindən namizədliyi irəli sürülən tarixçi, Milli Xatirə İnstitutunun rəhbəri Karol Navrotski qərarlaşıb.
Beləliklə də, prezident seçkisinin ikinci turunda Rafal Tşaskovski və Karol Navrotski mübarizə aparacaqlar.
İkinci turun bu il iyunun 1-də keçirilməsi nəzərdə tutulub. Yeni seçilmiş prezident 2025-ci il avqustun 6-dək and içməlidir.
Polşada prezident seçkisi keçirilir.
Oxu.Az "wPolityce" nəşrinə istinadla xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-də (Bakı vaxtı ilə saat 09:00 - red.) başlayıb və saat 21:00-dək (Bakı vaxtı ilə saat - 23:00) davam edəcək.
Bildirilir ki, 29 milyon seçicinin səsvermə hüququ var. Ölkədə 32 mindən çox seçki məntəqəsi açılıb. Xaricdə 511 seçki dairəsi fəaliyyət göstərir.
Seçkidə 13 namizəd mübarizə aparır. Onlardan Varşava meri və "Vətəndaş platforması"nın namizədi Rafal Tşaskovski və müxalif "Hüquq və ədalət" partiyasının namizədi Karol Navrotskinin şanslarının daha çox olduğu vurğulanır.
Mövcud qanunvericiliyə əsasən, Polşanın hazırkı Prezidenti Andjey Duda bu vəzifəyə ardıcıl iki dəfə seçildiyinə görə, təkrar seçilə bilməz.