Polşanın Sanok şəhərindəki açıq səma altındakı Xalq Memarlığı Muzeyində baş verən yanğın səbəbindən XVII əsrə aid taxta kilsə tamamilə yanaraq kül olub.
Oxu.Az bu barədə "Polsat News"a istinadən xəbər verir.
Yanğının söndürülməsində 140 yanğınsöndürən iştirak edib. Söndürmə işlərinin əvvəlində əsas qüvvələr yanmağa təzə başlayan iki qonşu binaya yönəldilib.
"Kilsə külə dönüb, ondan 30 metr məsafədə yerləşən iki bina isə zədələnib. Biz digər bir neçə taxta qurğunu xilas edə bildik", - deyə yanğından mühafizə xidmətinin mətbuat xidmətinin əməkdaşı, baş kapitan Pavel Qiba bildirib..
Yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.
Sanokdakı Xalq Memarlığı Muzeyi fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb. Muzeyin direktoru Marçin Krovyak kilsənin yalnız kərpic hörgüsünün və tikilidən təxminən 10 metr məsafədə yerləşən taxta xaçın qaldığını bildirib.