Beynəlxalq Kekusin-kan karate-do Təşkilatı Beynəlxalq Komitəsi Rusiya prezidenti Vladimir Putinə Kekusin-kanda ən yüksək “dan” olan səkkizinci ustalıq dərəcəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, Lenta.ru-ya verilən məlumata görə, bu barədə məktubu Kekusin-kan Beynəlxalq təşkilatının prezidenti Xasui Royama göndərib.
Karate-do ustası Xasuo Royama – Yaponiya çempionu dəfələrlə Moskvada olub. 2001-ci ildə Royama Vladimir Putinə Kekusin kanın beşinci “dan”ını təqdim edib. 2009-cu ildə onu yeddinci “dan”a qədər yüksəldiblər. Beş il sonra Putinə növbəti ustalıq dərəcəsi verilib.
2000-ci ildə Yaponiyada Qodzürü karate məktəbinin rəhbərləri Putinə bu döyüş sənətinin ali ustasının adı, eləcə də doqquzuncu “dan” almasına dair diplom təqdim ediblər. Rusiya prezidenti fərdi kimono və üzərində qızıl saplarla adının yazıldığı qara kəmər alıb.
Yapon karate ustalarının Rusiya prezidentinə bu diqqətləri əbəs yerə deyil. Putin Şərq döyüş növləri ilə maraqlanır və onların populyarlaşması üçün çox şey edir. O, sambo və cüdo ilə 11 yaşından məşğul olur. “Mən cüdoya hələ uşaq ikən gəlmişəm. Və Şərq idman növləri, onların rəqiblə münasibətinin fəlsəfəsi, mədəniyyəti və döyüşün aparılması qaydaları ilə ciddi maraqlanmışam”, - Putinin sözlərini Kremlin rəsmi saytı sitat gətirir.
Putin cüdo və karate üzrə idman ustasıdır. 2006-cı ilin sentyabrında o Avropa Cüdo İttifaqının fəxri prezidenti seçilib, 2010-cu ildə isə Cənubi Koreyanın Yönin universitetinin “Cüdo üzrə doktor” fəxri diplomunu alıb.
1999-cu ildə Vladimir Putinin Vasili Şestakov və Aleksey Leviskinin də müəllifi olduğu cüdo üzrə praktiki dərslər üçün – “Vladimir Putin ilə cüdo öyrənirik” kitabı işıq üzü görüb. Rusiya prezidentinin 2012-ci ildə Londonda keçirilən Olimpiada zamanı cüdo ilə məşğul olduğu və RF-nin Cüdo Federasiyasına dəstək olduğu aşkar oldu. 2013-cü ildə Rusiya prezidenti Koreya döyüş növü olan taekvondo üzrə fəxri doqquzuncu “dan” dərəcəsini alıb.