Rusiya prezidenti Vladimir Putin Rusiya bombardmançı təyyarəsi Su-24-ün vurulması barədə bəyanat ilə çıxış edəcək, “Qovorit Moskva” radiostansiyası Kremldəki mənbəyə istinadən məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatın təfərrüatları hələlik açıqlanmır.
Kremlin saytından verilən məlumata görə, noyabrın 24-də çərşənbə axşamı Rusiya lideri İordaniya kralı II Abdulla ilə danışıqlar aparacaq. Siyasətçilərin görüşü Soçidə baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyi Suriyanın ərazisində Rusiya aviaqrupunun Su-24 təyyarəsinin vurulduğunu təsdiqləmişdi. Təyyarə Hmeyim aeroportundakı aviabazaya məxsus idi. Hərbi nazirliyin məlumatına görə, bombardmançı təyyarə bütün uçuş boyu yalnız Suriya hava məkanında olub.
“Təyyarə 6 min metr hündürlükdə olub. Təyyarəçilərin taleyi aydınlaşdırılır. İlkin məlumata görə, pilotlar katapult edə biliblər”, - hərbçilər bildirib.
Türkiyənin Baş qərargahında bəyan ediblər ki, F-16 qırıcısı Hatay əyalətinin Yayladağı rayonunda ölkənin hava məkanını pozan təyyarəni vurub.
Baş qərargahdan bildirilən məlumata görə, təyyarəyə 10 xəbərdarlıq edilib.