Rusiya prezidenti Vladimir Putinin Almaniyanın “Suddeutsche Zeitung” qəzetinin Amerikanın “Goldman Sachs” bankı ilə əlaqəli olması barədə sözləri prezident üçün sorğu materiallarını hazırlayanların səhvinin nəticəsidir.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu, böyük ehtimalla bizim səhvimizdir, yəqin ki, mənim səhvim, sorğu kağızlarını hazırlayanların səhvidir. Orada həqiqətən də yoxlanılmamış məlumat var idi, təkrar yoxlamadıq və onu prezidentə “Suddeutsche Zeitung” mülkiyyətçiləri barədə məlumat kimi təqdim etdik”, - deyə o, jurnalistlərə bildirib.
“Biz mətbu orqandan üzr istəyirik”, - deyə Peskov vurğulayıb.
O, jurnalistlərin Putinin “birbaşa xətt” zamanı həmin mətbu orqanın ABŞ-ın “Goldman Sachs” bankı ilə əlaqəli olması barədə bəyanatına dair sualı belə cavablandırıb.