Qara dənizin Türkiyə sahillərində "Virat" tankerinə hücumla bağlı ekipajın səs yazısı yayılıb.
Oxu.Az xəbər verir ki, Türkiyənin "A Haber" telekanalının efirində yayımlanan səs yazısında gəmi heyəti dron hücumuna məruz qaldıqlarını və köməyə ehtiyaclarının olduqlarını bildirirlər.
Xatırladaq ki, "Virat"la yanaşı Türkiyənin Qara dəniz sahillərində daha bir gəmi - "Kairos"da da yanğın baş verib. Hər iki gəminin Ukrayna dəniz dronlarının hücumuna məruz qaldığı ehtimal edilir. Tankerlərin Rusiyanın kölgə donanmasına aid olduğu və sanksiyalardan kənar neft daşıdığı vurğulanır.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu telekanala bildirib ki, hazırda "Kairos" tankerində yanğın davam edir.
"Kairos" tankerində yanğın davam edir. Gəmimiz onu söndürür və vaxtaşırı partlayış səsləri eşidilir. "Kairos" hələ batmayıb. Məndə olan məlumata görə, ikinci gəmidə yanğın yoxdur, lakin gövdədə zədə var", - deyə Uraloğlu qeyd edib.
Nazir yanğına xarici müdaxilənin, ehtimal ki, mina partlamasının səbəb ola biləcəyini deyib.
Qara dənizin Türkiyə sahillərində Qambiya bayrağı altında üzən "Virat" tankerinə hücum edilib.
Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, gəminin heyəti xəsarət almayıb. Məlumata görə, gəmi sahildən 56 km məsafədə vurulub.
Gəmidə 20 heyət üzvünün olduğu bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl yaxın ərazidə "Kairos" tankerində yanğın baş verib.
Hər iki gəminin Ukrayna pilotsuz qayıqlarının hücumuna məruz qaldığı qeyd edilib.
Qara dənizdə 25 heyət üzvünü daşıyan tankerdə partlayış baş verib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, heyət üzvlərinin vəziyyətinin yaxşı olduğu və təxliyə işlərinin davam etdiyi bildirilir.
Məlumata görə, partlayış Türkiyənin Kandıra sahillərində üzən "Karios" tankerinin mühərrik otağında baş verib.
İlkin qiymətləndirmələrə görə, partlayış gəminin minaya toxunması nəticəsində baş verə bilər.
Onun batmaq təhlükəsi ilə üzləşdiyi bildirilir.
Gəmi Rusiyanın Novorossiysk limanına gedirdi.
