Türkiyə Xarici İşlər Nazirliyi Ukrayna ərazisində ölkəsinə məxsus yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilməsi barədə bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, hadisə Çornomorsk limanı yaxınlığında baş verib və nəticədə gəmi heyətində olan iki Türkiyə vətəndaşı yaralanıb.
"Bu səhər Ukraynanın Çornomorsk limanı yaxınlığında PUA ilə hücuma məruz qalan, Türkiyəyə məxsus və Panama bayrağı altında üzən gəminin heyətində yer alan iki vətəndaşımızın yaralandığı müəyyən edilib. Vətəndaşlarımızın vəziyyəti Kiyevdəki səfirliyimiz və Odessadakı baş konsulluğumuz tərəfindən yaxından izlənilir", - bəyanatda deyilir.
Nazirlik bildirib ki, Rusiya-Ukrayna müharibəsində gərginliyin artması nəticəsində Qara dənizdə maraqlara və regional təhlükəsizliyə təhdid yaradan hücumlarla bağlı narahatlıq hər iki tərəfin rəsmi qurumlarının diqqətinə çatdırılır.
"Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması ölkəmizin əsas prioritetlərindən biridir və biz bütün tərəfləri bölgədə gərginliyin azaldılmasına yönəlmiş addımlar atmağa çağırırıq", - deyə nazirliyin bəyanatında vurğulanıb.
Qara dənizdə üzən mülki yük gəmisi PUA-nın (pilotsuz uçuş aparatı) hədəfi olub.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Panama bayrağı altında üzən və sahibi türk olan "Victress" adlı yük gəmisi dron hücumuna məruz qalıb.
Zərbədən dərhal sonra gəmidə güclü yanğın baş verib. Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları alovlanan gəmiyə çatıb və heyət üzvlərini təxliyə etmək üçün əməliyyata başlayıblar.
Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla, ümumilikdə doqquz ekipaj üzvü olub.
Ukrayna rəsmi qurumları hücumun arxasında Rusiyanın dayandığını iddia edir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri hücumdan sonra rəsmi açıqlama yayıb:
"Çətin şərtlər və yanğının daha da yayılma riski nəzərə alınmaqla, Hərbi Dəniz Qüvvələrinə məxsus qayıqlar yük gəmisinin heyətini təxliyə etmək üçün xilasetmə əməliyyatını uğurla həyata keçirib. Təəssüf ki, proses zamanı itkilər olub", - deyə açıqlamada bildirilib.
Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini Aleksey Kuleba hücumun təfərrüatlarından danışıb və hücumu Rusiyanın edib:
"Rusiyanın mülki gəmiyə hücumu nəticəsində ekipaj üzvü, 58 yaşlı misirli aşpaz həyatını itirib. Aralarında Türkiyə və Hindistan vətəndaşlarının da olduğu 8 dənizçi təxliyə edilib. Bundan əlavə, Palau və Beliz bayraqları altında üzən gəmilər də hədəfə alınıb, lakin bu gəmilərdə ölən olmayıb".