Rumıniya Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistanla danışıqlar aparmağı planlaşdırır.
Oxu.Az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Şuranın iclasından sonra nazirlər səviyyəsində ayrıca görüş planlaşdırılır və görüşün mövzusu Qara dəniz regionu olacaq. Tədbirdə Aİ-nin tərəfdaşları iştirak edəcəklər.
"Yalnız əlaqələndirməni deyil, həm də təhlükəsizliyi müzakirə etmək vacibdir. Bu, çox böyük əhəmiyyət kəsb edir və tərəfdaşlarımızın fikirləri də olduqca vacibdir", - deyə nazir bildirib.
O vurğulayıb ki, Buxarest bu məsələlərin regional tərəfdaşlarla müzakirəsinə xüsusi əhəmiyyət verir.