Rumıniya Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Qara dənizdə, Neptun kurort qəsəbəsinin yaxınlığında qəzaya uğramış yedək gəmisindəki yeddi türk dənizçinin xilas edilməsi üçün əməliyyat həyata keçiriblər.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
DİN-in rəsmi saytında dərc olunan məlumatda qeyd edilir:
"Türkiyə bayrağı altında üzən "Ayaz Bey" yedək gəmisi Antiqua və Barbuda bayrağı altında olan "Mentor" gəmisi ilə toqquşduqdan sonra təxminən saat 04:20-də (Bakı vaxtı ilə 06:20 - red.) beynəlxalq "Mayday" həyəcan siqnalı verib".
İlkin məlumatlara görə, "Ayaz Bey" və "Ramazan Bey" adlı iki Türkiyə yedək gəmisi Ukrayna sularında, Odessa limanı yaxınlığında zədələnmiş "Mentor" gəmisini Türkiyəyə doğru çəkirdi. Yedəyə alınan gəminin göyərtəsində heyət olmayıb.
Bildirilir ki, "gecə saatlarında pis hava şəraiti səbəbindən yedək kəndirləri qırılıb. Sonradan onlar bərpa edilsə də, "Ayaz Bey" yedək gəmisi həmin gəmi ilə toqquşub".
Qeyd olunur ki, xilasetmə prosesinə Rumıniyanın DİN-nə məxsus iki su nəqliyyatı vasitəsi və Rumıniyanın Dənizdə İnsan Həyatının Xilası Agentliyinin (ARSVOM) bir gəmisi cəlb olunub. Daha sonra DİN-in mətbuat xidməti heyət üzvlərindən üçünün Niderland bayrağı altında üzən "Odin" yedək gəmisinə mindirildiyini və Rumıniyanın Manqaliya limanına aparılacağını açıqlayıb. Digər dörd nəfər isə köməyə ehtiyacları olmadığını bildirərək təxliyədən imtina edib. Rumıniya DİN-in məlumatında "Ayaz Bey" yedək gəmisinin hazırda lövbər saldığı vurğulanır.