Qazaxıstan hökuməti rublun dəyərdən düşməsi nəticəsində ciddi şəkildə ucuzlaşan və bununla da Qazaxıstanın daxili bazarına təhlükə törədən bəzi məhsulların Rusiyadan idxalına embarqo tətbiq etməyi düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə fevral ayının 6-da “Komersant” Rusiya Kənd Təsərrüfatı Nazirliyində və ərzaq bazarında olan mənbəsinə istinadən bildirib.
Qəzet yazıb ki, Astana Rusiyadan neft məhsullarının, avtomobillər və onlar üçün akkumulyatorların, tikinti armaturları, ət, toyuq yumurtası, makaron, qənnadı məmulatları, un və şirələrin idxalını qadağan etmək və ya məhdudlaşdırmaq niyyətindədir.
Rusiya mallarına qadağa və məhdudiyyətin qoyulması xahişi ilə qazax hakimiyyətinə Qazaxıstanın Milli Sahibkarlar Palatasının nümayəndəsi müraciət edib.
Onların sözlərinə görə, rublun devalvasiyası nəticəsində qazax istehsalçıları Rusiya malları ilə qiymətdə rəqabət apara bilmirlər.
Rusiya Kənd Təsərrüfatı Nazirliyindəki mənbə bildirib ki, Astana embarqo üçün ciddi əsaslar təqdim etməyib və hazırda tərəflər idxalın həcmi və qiymət parametrlərini dəqiqləşdirir.
Rusiya valyutası qazax təngəsinə nisbətdə 47% ucuzlaşıb.