Qırğızıstan Prezidenti Sadır Japarov "Dəfn və cənazə işi haqqında" qanuna edilən dəyişiklikləri imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
Qanuna edilən dəyişikliklərə əsasən, içərisində kül olan urnaların dəfn olunması ilə bağlı müddəalar qanundan çıxarılıb. Həmçinin ölən şəxslərin dəfn üsullarından biri kimi kremasiya ilə bağlı ayrı-ayrı normalar qüvvədən düşmüş hesab edilib.
Yeni redaksiyada "kremasiya" anlayışı tibbi fəaliyyət nəticəsində yaranan bioloji obyektlərin sanitar məqsədlərlə xüsusi texniki qurğularda yandırılması kimi müəyyənləşdirilib. Bununla yanaşı, krematoriya həmin bioloji obyektlərin sanitar məqsədlərlə termiki üsulla məhv edilməsi üçün nəzərdə tutulmuş qurğu kimi təsbit olunub.
Dəyişikliklərdə, həmçinin şəxsiyyəti müəyyən edilməmiş və sahibsiz meyitlərin, eləcə də abort edilmiş və ölü doğulmuş insan döllərinin dəfn qaydası dəqiqləşdirilib.
Yeni qaydalara əsasən, həmin meyitlər və döllər daxili işlər orqanlarının razılığı ilə cənazə xidmətləri göstərən ixtisaslaşdırılmış qurum tərəfindən qəbiristanlıqların xüsusi ayrılmış sahələrində dəfn olunacaqlar.