Qırğızıstanın keçmiş xarici işlər naziri Çingiz Aydarbekova vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Qırğız Respublikasının keçmiş xarici işlər naziri Çingiz Aydarbekov vəzifədə olduğu müddətdə nazirliyin ayrı-ayrı vəzifəli şəxsləri ilə əvvəlcədən əlbir olaraq, büdcə vəsaitlərinin istifadəsi ilə bağlı bir sıra qanun pozuntularına yol verib", - deyə Daxili İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirilir.
Qeyd olunur ki, Ç.Aydarbekov vəsaitlərin qanunsuz xərclənməsində, ayrı-ayrı xərc maddələrinin şişirdilməsində, habelə etibarlı sənədlər olmadan pul vəsaitlərinin silinməsində şübhəli bilinir. Onun barəsində yaşayış yerini tərk etməmək haqqında iltizam qətimkan tədbiri seçilib.