"Vaşinqtonda ABŞ Dövlət Departamentində İsrail və Livan səfirlərinin təxminən iki saat davam edən danışıqları çox yaxşı ab-havada keçib və ölkələr arasında dəqiq və sabit sərhədin müəyyənləşdirilməsi, həmçinin Livanın gələcəyi məsələlərinə həsr olunub".
Oxu.Az mignews.com-a istinadən xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter bildirib.
Leyter qeyd edib ki, Livan tərəfi "Hizbullah"ın tərk-silah edilməsinin müzakirəsinə hazır olduğunu, həmçinin dialoqun irəlilədilməsində maraqlı olduğunu ifadə edib. O, həmçinin bildirib ki, Livanın "Hizbullah"ın təsirindən azad olunmasının vacibliyi barədə razılıq əldə edilib.
ABŞ, İsrail və Livan birbaşa danışıqlara başlamağa razılaşıblar.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott üçtərəfli müzakirələrin yekununda məlumat verib.
Məlumata görə, tərəflər artıq danışıqların vaxtını və məkanını müəyyənləşdirsələr də, hələlik təfərrüat açıqlanmır. Piqott bildirib ki, danışıqlar uğurla nəticələnəcəyi təqdirdə ABŞ Livana genişmiqyaslı maliyyə yardımı göstərəcək.
Livan və İsrail nümayəndələri arasında münaqişənin tənzimlənməsi üzrə görüş iki saatdan çox davam edib.
Oxu.Az bu barədə "Axios" portalına istinadən xəbər verir.
"ABŞ dövlət katibi Marko Rubionun İsrail və Livan səfirləri arasında keçirdiyi görüş başa çatıb. Görüş iki saatdan çox davam edib", - deyə portalın jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.
Görüşlə bağlı digər təfərrüat verilmir.
Vaşinqtonda İsrail və Livan arasında 33 ildən sonra ilk birbaşa danışıqlar başlayıb. Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio da iştirak edir.
Oxu.Az bu barədə newsru.co.il saytına istinadən xəbər verir.
1948-ci ildən müharibə vəziyyətində olan dövlətləri ABŞ-dəki səfirlər Yexiel Leyter və Nada Hamad Moavad təmsil edirlər. Onlar bir-birinin əlini sıxmaqdan çəkiniblər. Danışıqlarda ABŞ Prezidenti Donald Trampın dostu, ABŞ-nin Livandakı səfiri Mişel İssa da iştirak edir.
"Biz sadəcə atəşkəsdən deyil, Livanda "Hizbullah"ın 20-30 illik təsirinə son qoymağa çağırılmış daimi nizamlamadan danışırıq. Altı saata bütün problemləri həll edə bilməyəcəyik, lakin bu, irəliyə doğru hərəkətə başlamaq üçün tarixi şansdır", - deyə Rubio bildirib.
Qeyd edək ki, ölkələrin nümayəndələri arasında birbaşa danışıqlar sonuncu dəfə 1993-cü ildə baş tutub.