Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Qiyamət günü" stansiyasından qəribə siqnallar: Yadplanetlilərdir, ya fəlakətə dair xəbərdarlıq?
Radio həvəskarları, eləcə də ufoloqlar arasında "Qiyamət günü" radiostansiyası kimi tanınan "UVB-76" radiostansiyasının bu yaxınlarda aktivləşməsi onun ötürdüyü siqnalların təbiəti ilə bağlı maraq və fərziyyələrin artmasına səbəb olub.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, "UVB-76" radiostansiyası 2024-cü il dekabrın 11-də öz tarixində ən "çoxsözlü" ötürməni həyata keçirib və gün ərzində rekord olaraq 24 qəribə şifrəli mesaj göndərib. Bu mesajlar arasında "əlifba", "ikinikahlılıq", "tullantısız", "bilyard", "tutmaq", "biotok", "qeenna" (yəhudilik və xristianlıqda qiyamət gününün simvolu, islam dinində isə "cəhənnəm" sözünə bərabər tutulur - red.) və s. kimi sözlər olub.
Məlumata görə, rusiyalı alim və ufoloq Yuri Qriqoryev tərəfindən bu siqnalların son araşdırılması bəşəriyyəti gözləyən potensial təhlükə barədə fərziyyə irəli sürməyə imkan verib.
Qriqoryev hesab edir ki, bu sözlər mürəkkəb şifrənin bir hissəsi ola bilər və yalnız tapmacanın bütün hissələri toplandıqdan sonra deşifrə edilməsi mümkündür. Alim hesab edir ki, şifrənin əsasında anaqram - hərflərin yenidən düzülməsi prinsipi dayanır və bu da insan şüurunda baş verən proseslərlə qarşılıqlı şəkildə əlaqəli ola bilər.
Qriqoryev də daxil olmaqla, bəzi ekspertlər bu siqnalların yerdənkənar sivilizasiyaların bəşəriyyətlə əlaqə yaratmaq cəhdi ola biləcəyini də istisna etmirlər. Alimin fikrincə, biz uçurumun astanasındayıq və ola bilər ki, stansiya dünyadakı siyasi və ekoloji vəziyyət səbəbindən yaxınlaşa biləcəyimiz nüvə fəlakəti barədə bizə xəbərdarlıq edir.
"Ehtimal var ki, başqa dünyalar və ya sivilizasiyalar bizə siqnal göndərməyə çalışırlar. Biz onu hələ görməsək, bu dünya var. Qiyamət günü sadəcə bir metafora deyil, bu, üzərinə doğru irəlilədiyimiz bir reallıqdır", - deyə Yuri Qriqoryev qeyd edib.
Dünyada qeyri-sabitliyin və güclər arasında gərginliyin artması fonunda "UVB-76"dan gələn mesajlar həmişəkindən daha aktual görünür.
Eyni zamanda, digər bir ehtimal da irəli sürülür ki, naməlum şəxslər "Qiyamət günü" radiostansiyasını sındırmış ola bilərlər. Belə ki, stansiyanın efirində qeyri-adi səsyazmaları səsləndirilib - rusiyalı müğənni Şamanın ifasında "Mən rusam" mahnısı, "Qu gölü" klassik kompozisiyası və SSRİ himni. Yayımdakı bu dəyişikliklərin müəyyən mesaj daşıya biləcəyi ehtimal edilir.
Qeyd edək ki, adətən "Qiyamət günü" radiostansiyası kimi məşhur olan "UVB-76" hərbi stansiyası 1975-ci ildə yayıma başlayıb və tezliklə radio həvəskarları arasında "The Buzzer" kimi də tanınıb. Yayımın əsas məzmunu 4625 kiloherts tezliyində radar uğultusudur.
Belə bir fikir də var ki, bu stansiya SSRİ-də Soyuq müharibə illərində hazırlanmış Perimetr sistemi ilə əlaqəlidir. Bu sistemi isə ABŞ-də "Ölü əl" adlandırırlar. Bu sistem kommunikasiyaların pozulması halında kütləvi nüvə cavab zərbəsini avtomatik idarə etmək üçün nəzərdə tutulub. "Perimetr" baş qərargahdan verilən əməliyyat əmrlərinin idarəetmə mərkəzlərinə və döyüşə hazırlıq vəziyyətində olan fərdi raket buraxılış qurğularına etibarlı şəkildə çatdırılmasını təmin edir.
Bəzi qeyri-adi ifadələr hərbi məqsədlər üçün rabitə vasitəsi kimi istifadə edilə bilər. Fərziyyə var ki, səsli mesajların əsas məqsədi şəxsi heyətin nüvə sualtı qayıqları kimi hədəf obyektlərinə döyüş hazırlığını təsdiq etməkdir.
Həmçinin radiosiqnalların astronomik rəsədxanalarda istifadə üçün nəzərdə tutulmuş ola biləcəyi də düşünülür, hansı ki, ionosferdəki dəyişiklikləri təhlil edir və ya hətta yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaq üçün tətbiq edilir. Lakin bu çox sayda nəzəriyyələrin heç biri etibarlı faktlarla təsdiqlənməyib.
"UVB-76"nın nəyə xidmət etdiyi barədə etibarlı məlumat yoxdur. Versiyalar diapazonu genişdir - nüvə sualtı qayıqları ilə danışıqlardan və nüvə raketlərinin buraxılmasına nəzarətdən tutmuş, yadplanetlilərlə kontaktların axtarışına qədər. Raketlərlə bağlı versiya səbəbindən "Buzzer"i həm də "Qiyamət günü" radiostansiyası adlandırırlar: guya o, nüvə münaqişəsi zamanı yuxarıdakı qərargahların ölümü halında raketlərin buraxılması üçün olan siqnalın avtomatik ötürülməsi məqsədilə nəzərdə tutulub.
Stansiyanın dəqiq yeri hələ də tam şəkildə müəyyən edilməyib. Əvvəlcə onun Qərb hərbi dairəsində, Moskva vilayətinin Povarovo kəndi yaxınlığında yerləşdiyi güman edilirdi, sonra Leninqrad vilayətinin Kerro kəndinə köçürülüb və hazırda Naro-Fominskdən fəaliyyət göstərdiyi ehtimal edilir.
Rəylər