Qlobal bazarlarda neft qiymətlərində ötən gün qeydə alınan nəzərəçarpan geriləmədən sonra yenidən sabitlik yaranıb. Hazırda treyderlər ABŞ-nin maliyyə naziri Skott Bessent tərəfindən İrana qarşı tətbiq edildiyi açıqlanan yeni sanksiyaların bazara təsirlərini dəyərləndirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.15 dollar (0.16%) azalaraq bir barel üçün 92.02 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 2.22 dollar (2.35%) ucuzlaşaraq bir barel üçün 92.17 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.06 dollar (0.07%) ucuzlaşaraq bir barel üçün 84.95 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 2.05 dollar (2.35%) azalaraq bir bareli 85.01 dollara satılmışdı.