Reuters informasiya agentliyinin sabiq redaktoru “Los Angeles Times” qəzetinin internet-saytının sındırılması məqsədi ilə Anonymous xaker qrupu ilə əlbirliyində təqsirkar bilinib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu verdikt Sakramneto (Kaliforniya ştatı) şəhərinin federal məhkəməsində çıxarılıb.
İstintaqın məlumatına əsasən, 2010-cu ildən “Los Angeles Times”a məxsus The Tribune Company media korporasiyasında çalışan 28 yaşlı Mettyu Kis ordan işdən çıxarıldıqdan sonra Anonymous-a şirkətin xidməti akkauntlara giriş şifrələrini verib.
Prokurorluğun bəyanatına görə, Kis işdən çıxarıldığı üçün intiqam hissinə uyaraq hərəkət edib. Şifrələri əldə etdikdən sonra xakerlər “Los Angeles Times” internet-saytını sındırıblar, onlar dərc olunan məqalələrə dəyişikliklər ediblər.
The Tribune Company öz növbəsində bəyan edib ki, xaker hücumunun bütün nəticələrini aradan qaldırmaq üçün 300 saat sərf edilib, bu isə şirkətə təxminən 18 min dollara başa gəlib.
Daha sonra Kis Reuters-də redaktor vəzifəsində işə başlasa da kiber cinayətkarlarla əlaqəsi məlum olduqdan sonra işdən çıxarılıb.
Kislə əlaqədar yekun qərar gələn ilin yanvar ayında çıxarılacaq. O, 10 il həbs cəzası ala bilər.