Məşhur Rubik kubunun istehsalı onun yarandığı ölkəyə - Macarıstana qayıdıb. Dünyanın ən məşhur məntiq oyunlarından birinin istehsalı üçün yeni xətt Yasberen (Jászberény) şəhərində istifadəyə verilib.
Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, tam avtomatlaşdırılmış müəssisədə ildə bir milyon kub istehsal edilməsi planlaşdırılır. Açılış mərasimində oyuncağın yaradıcısı, 82 yaşlı Ernyo Rubik də iştirak edib.
Ernyo Rubik 1974-cü ildə Budapeştdə dizayn müəllimi işləyərkən kubu yaradıb. İlk illərdə Macarıstanda "Sehrli kub" adı ilə satılan tapmaca daha sonra beynəlxalq bazara çıxarılıb.
1980-1983-cü illərdə təxminən 200 milyon Rubik kubu satılıb. Ümumilikdə isə satışların sayı yarım milyardı ötüb. Kubun populyarlığı sürətli yığma yarışları sayəsində bu gün də qorunub saxlanılır.
İstehsalı həyata keçirən "Spin Master" şirkəti yeni istehsal xəttinin Rubik kubunun yarandığı ölkə ilə tarixi əlaqəni gücləndirdiyini bildirib.