Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan parlamentdə brifinq zamanı bildirib ki, yaxın zamanlarda Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun bərpası və yenidən istifadəyə verilməsi məsələləri ilə bağlı idarələrarası komissiyaların görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Armenia Today" portalı yayıb.
Onun sözlərinə görə, görüşün detalları, o cümlədən tarixi və məkanı sonradan açıqlanacaq.
Rubinyan əlavə edib ki, İrəvan və Ankara iki ölkə arasındakı sərhədlərin açılması məsələsi ilə bağlı müzakirələri paralel olaraq davam etdirirlər.
Qeyd edək ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin sentyabrın 12-də İrəvanda keçirilmiş altıncı görüşündə tərəflər Gümrü-Qars dəmir yolu xəttinin və elektrik ötürücü xətlərinin bərpası üçün texniki araşdırma aparılması barədə razılığa gəliblər.