Ötən həftə Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Naxçıvan şəhərinə mediatur həyata keçirildi.
Oxu.Az xəbər verir ki, mediaturun məqsədi Naxçıvanın ekologiya, mədəniyyət və sağlamlıq turizmi sahələrindəki zəngin imkanlarını tanıtmaq, turizm əhəmiyyətli məkanları geniş auditoriyaya təqdim etmək və bölgəyə turist səfərlərini təşviq etmək idi.
Səfərimiz oktyabrın 16-dan 18-nə kimi planlaşdırılsa da, Bakıya geri dönüş biletlərinin məhdudluğu səbəbindən oktyabrın 17-si gecə saatlarında qayıtmaq məcburiyyətində qaldıq. Bizə ilkin olaraq bildirildi ki, oktyabrın 17-si saat 23:50-də geri dönməli olacağıq. O da məlum oldu ki, bu istiqamətdə uçuşlarda vaxt dəyişiklikləri çox rast gəlinən haldır və Naxçıvana tez-tez səfər edənlər üçün bu, artıq adət halını alıb...
Naxçıvana səfər zamanı təyyarədə yaşanan maraqlı anlardan biri isə yaşyarımlıq körpənin 55 dəqiqəlik uçuş boyunca dayanmadan ağlaması oldu. Valideynlərin səylərinə baxmayaraq, körpə sakitləşmədi. Maraqlıdır ki, təyyarə eniş edən kimi körpə susdu.
Uçuş zamanı diqqət çəkən əsas məqam isə ötən zamanlarla müqayisədə sərnişinlərə təqdim olunan xidmətlərin dəyişməsi idi. Əvvəllər verilən meyvə şirəsi və bulka indi sadəcə su ilə əvəzlənmişdi. Yəqin düşünürlər ki, 60 manatlıq bilet alan vətəndaş 50-55 dəqiqəlik yolda bulka yeməsə də mənzil başına rahat çata bilər.

Bu da Naxçıvan...
Stüardessanın səsi eşidilir: "Hörmətli sərnişinlər, təyyarə enişə hazırlaşır, xahiş edirik kəmərləri bağlayın". İllimünatordan çölə baxıram. Açılan mənzərə göz oxşayır.


Pilotlarımız elə ustalıqla eniş edir ki, təyyarənin yerə necə düşdüyünü ruhumuz da duymur. Bir onda görürük ki, enmişik və dayanacağa sarı gedirik. Bizim pilotlarımız kimisi dünyada yoxdur, bundan əminəm.
Naxçıvana ilk dəfə uçan hər kəsin diqqətini çəkən ilk olaraq aeroportda sıra ilə düzülən sarı taksilər və ətrafda hökm sürən təmizlik olur. İnsafən taksi sürücüləri sərnişinlərin üstünə yüyürüb "gəlin aparım" demirlər. Hərə öz maşının yanında durub yaxınlaşacaq sərnişini gözləyir.
Payız fəsli olsa da yaz havası ilə qarşılayır bizi Muxtar Respublika. Hava o qədər isti idi ki, üstdən gödəkcə geyinməyə belə ehtiyac qalmamışdı.
Aeroportda şəkil-video sessiyası bitəndən sonra bizə ayrılan avtobusa əyləşib qalacağımız ünvana - "Saat meydanı"na yola düşürük.

Şəhər mərkəzinə aparan yolda isə Naxçıvanın geniş, səliqəli və təmiz küçələri diqqətimizi çəkir. Şəhəri gəzdiyimiz müddətdə də ətrafda nə bir dolub-daşan tullantı qabına, nə də kiçik belə tullantıya rast gəlmədik. Bələdçimiz bildirdi ki, bizi belə tərbiyə edirlər. Əgər atılmalı hər hansı tullantımız varsa, onu son nöqtəyə qədər özümüzlə aparıb atırıq. Ona görə yollarda tullantı qablarına ehtiyac duyulmur.
Qalacağımız hotelə yerləşdikdən sonra şam etdiyimiz restorandan çıxıb şəhəri piyada gəzməyə çıxırıq. Gecənin qaranlığında şəhər də, hava da insanın ruhunu oxşayır.
Növbəti gün isə zəngin tur proqramı bizi gözləyirdi: Şahbuz Dövlət Təbiət Qoruğunda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi və Batabat yaylağında heykinq marşrutları, Naxçıvan yaxınlığındakı "Duzdağ" Fizioterapiya Mərkəzinin turizm potensialı, həmçinin "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi və Cənubi Qafqazın ən böyük məscidlərindən biri olan Heydər Məscidinin ziyarəti planlaşdırılmışdı.
Oktyabrın 17-də mediaturumuz səhər saat 10:00-da Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başladı.


Batabat gölü
Ziyarətdən sonra üz tuturuq Şahbuz rayonuna.
Bələdçimiz bildirir ki, Şahbuz rayonu 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək) rayonuna verilib, 1965-ci ildə isə yenidən təşkil olunub. Şimal və şərqdə Ermənistanla həmsərhəd olan Şahbuzun bir şəhəri, bir qəsəbəsi, 22 kəndi var.
Batabat gölü dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşir. Gölün unikal cəhətlərindən biri üzərində valehedici torf adalarının olmasıdır.


Ərazinin təbii gözəlliyi və Naxçıvan şəhərinə yaxın məsafədə yerləşməsi (təxminən 65 km şimalda) buranın yerli sakinlər üçün məşhur piknik ərazisinə çevrilməsinə səbəb olub. Göl ərazisi yaz və yay aylarında yabanı güllərin çiçəklədiyi vaxtlarda xüsusən gözəl olur.
Gedişimiz çiçək mövsümünə təsadüf etməsə də, gölün görünüşü həqiqətən əsrarəngiz idi.
Sahəsi 16 hektar olan gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur...
Daha sonra yol alırıq Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə.

Ağbulaq Naxçıvan şəhərindən 55 km, Hava Limanından isə 60 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşir. 2018-ci ildə yaradılan bu bölgədədə kənd turizmi ilə yanaşı, qış turizmi də inkişaf edib.
Ərazidə uzunluğu 960 metr olan kanat yolu var. Kanat xəttində hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılıb. Kanat xəttindən biz də istifadə edirik. Xəttin bu başından o başına gedəndə dağların yamacında salınan kəndlər göz oxşayır.


Bir günə sığdırılan bu zəngin proqramda hər bir məkanı diqqətlə araşdırmaq çətin olsa da fürsəti maksimum dəyərləndirməyə çalışırdıq.
Günortadan sonra isə yorğunluq və aldığımız məlumat əhvalımıza əməlli başlı əhval qatır - bu dəfə xəbər alırıq ki, AZAL uçuş saatımızın vaxtını dəyişib - Bakıya saat 23:50-də yox, gecə saat 3-də uçacağıq.
Möminə Xatın türbəsi
Naxçıvan bölgəsində möhtəşəm abidələrdən biri olan XII əsrə aid, 1186-cı ildə inşa olunan Möminə Xatın türbəsi Naxçıvan şəhərində yerləşir. Türbə qırmızı kərpicləri, firuzəyi rəngli kirəmitləri və həndəsi naxışları ilə seçilən orta əsr "Naxçıvan memarlıq məktəbi"nin möhtəşəm nümunələrindən biridir.


Türbə dövrün tanınmış memarı Əcəmi Naxçıvani tərəfindən yerli hökmdar Şəmsəddin Eldənizin sevimli arvadının xatirəsinə ucaldılıb. Abidənin inşası 1175-1186-cı illəri əhatə edib. Abidə on küncdən ibarətdir və hər küncdə Yasin surəsinin 36-ci ayəsi həkk olunub. Abidənin hündürlüyü 25 metrdir. Türbə 1998-ci ildə UNESCO-nun mədəni irs siyahısına daxil edilib.
Hazırda müəyyən restavrasiya işləri aparıldığından türbəni ancaq çöldən seyr edə bildik.
Qafqazın ən böyük məscidlərindən biri - Heydər məscidi
Ardınca yollanırıq Cənubi Qafqazın ən böyük məscidlərindən biri olan Heydər məscidinə. Biz ora çatanda hava qaralsa da məscidin əzəməti bir başqa göz oxşayırdı.


Məscid Naxçıvan şəhərində, "Köhnəqala" adı ilə tanınan Naxçıvanqalanın ərazisində yerləşir.
Burada bizi qarşılayan axund dedi ki, 2023-cü ilin may ayında istifadəyə verilən məscid Şərq memarlıq üslubunun elementlərini özündə birləşdirib. Bu əzəmətli tikilinin ön qapısının yuxarı hissəsində "Bismillahir rəhmənir rəhim" (Bağışlayan və mehriban olan Allahın adı ilə) yazılıb.
Məscid yerləşən ərazisinin ümumi sahəsi 82 250 kvadratmetr, məscidin ümumi sahəsi isə 6430 kvadratmetrdir. Məscid beş korpus, iki minarə və 15 günbəzdən ibarətdir.
Ana məscid binası 1613, iki yardımcı məscidin sahəsi isə ümumilikdə 1300 kvadratmetrdir. Binanın hündürlüyü 15.25, günbəzin genişliyi 18.30, hündürlüyü isə 14.67 metr təşkil edir. 1300 nəfərin ibadət yeri üçün nəzərdə tutulan məsciddə günbəzin yerdən olan hündürlüyü 29.90 metrdir.


Məscidin tam mərkəzindəki yuxarı hissədə "Ulul-Əzəm" peyğəmbərlərin və Əhli-beytin adları verilib ki, bu da islami dəyərlərə hörmətin bariz nümunəsidir. Məscidin sağ və sol divarlarında Allahın gözəl adları olan "Əsmaül-Hüsna" qeyd edilib. Heydər məscidi kompleksinin digər korpuslarında Dini Qurumlarla iş üzrə Dövlət Agentliyin inzibati binası və Mərasim zalı binası yerləşir.

Duzdağ Fizioterapiya Mərkəzi
Naxçıvan şəhərindən 12 km-lik məsafədə yerləşən "Duzdağ" Fizioterapiya Mərkəzi 110 metr dərinliyə qədər uzanır. Buradakı duz mağaralarında bronxial astma, xroniki bronxit, pollinoz, allergik rinit kimi xəstəliklər müalicə olunur.
"Duzdağ" Fizioterapiya Mərkəzi 1979-cu ilin yanvar ayından etibarən müalicə mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzə müraciət edən vətəndaşlara müvafiq olaraq 7, 10 və 14 günlük müalicə paketi təklif olunur.
Yeraltı şaxtalardakı köhnə duz mədənlərində gecələyən xəstələr speleoterapiya (yunan dilində "speleon" mağara, "terapiya" isə müalicə deməkdir) üsulu ilə müalicə olunaraq şəfa tapırlar.
"Duzdağ" mağaralarının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, onlar burada horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin, şaxtada havalandırma təbiidir, mikrob cisimciklər aşağı səviyyədə, allergenlər isə yox dərəcəsindədir. Mağarada rütubət və temperatur sabit olaraq 18-20 dərəcə selsi təşkil edir.
Tədqiqatçıların fikrincə, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir.
Naxçıvan səfərimizin vaxtı çox qısa olsa da, çalışdıq bacardığımız qədər çox informasiya əldə edə bilək.
Xülasə olaraq deyə bilərik ki, Naxçıvanın turizm potensialı gələn qonaqların yenidən bir də geri dönməsinə zəmin yaradır...
Saat 21:00. Turumuz yekunlaşır. Şam yeməyi nəzərdə tutulan restoranda bir tərəfdən günün yorğunluğunu atmağa çalışırıq, digər tərəfdən isə gecə saat 3-ə kimi vaxtı necə "öldürəcəyimizi" düşünürük. Bizə mədəni şəkildə bildirilir ki, saat 00:00-da restoran bağlanır.
Gedəcək başqa yerimiz olmadığından aeroporta tərəf yol alırıq. Cəmi 5 dəqiqə sonra avtobus bizi ora çatdırır. Təyyarəyə qeydiyyat başlanana kimi istirahət edəcəyimiz yer isə aeroportun gözləmə zalı olur. Uçuş saatının yenidən dəyişmədiyinin sevinci içində "hörmətli sərnişinlər, Naxçıvandan Bakıya yola düşən təyyarəyə qeydiyyat başlamışdır" mesajını eşidəcəyimiz anı gözləyirik…
Budur, nəhayət ki, o səs eşidilir…
Sağ ol, Naxçıvan. Növbəti səfərlərdə görüşənədək!






Əzizə İsmayılova