Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya Ermənistana: "Bir əldə iki qarpız tutmaq mümkün deyil"
"Rusiya tərəfi Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından son dərəcə təəssüflənir".
Oxu.Az xəbər verir ki, bunu "Sputnik"ə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Təhlükəsizlik barədə danışan Qaluzin Ermənistanın KTMT-nin üzvü olaraq qaldığını, hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısı olduğunu vurğulayıb. Lakin onlar İrəvanın narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, təəssüf ki, başqa yol seçiblər. Ermənistan NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə xüsusən NATO standartlarının tətbiqi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından qarşılıqlı əlaqəni artırmağa üstünlük verir. Bütün bunlar böyük bir təəssüfdən başqa bir şey deyil", - M.Qaluzin vurğulayıb.
Diplomatın fikrincə, İrəvan məqsədi Rusiyanın strateji məğlubiyyəti olanlarla belə bir tempdə əməkdaşlığı dərinləşdirməklə öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq riski daşıyır.
Onun sözlərinə görə, Ermənistanda mütəxəssislər və siyasətçilər belə ehtiyatsız addımların mümkün nəticələrini anlayırlar.
"Fikrimcə, başqa bir sahədə - iqtisadi sahədə də olsa, "bir əldə iki qarpız tutmaq" cəhdlərinin qeyri-real olmasını Rusiya baş nazirinin müavini Aleksey Overçuk çox aydın şəkildə ifadə edib.", - M.Qaluzin qeyd edib.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 9-10-da Vaşinqtonda səfərdə olub və orada NATO-nun 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Rəylər