Rusiya Müdafiə Nazirliyinin Sevastopoldakı 960-cı hərbi nümayəndəliyinin rəhbərinin barəsində cinayət işi ilə əlaqədar iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FTX) məlumat verilib.
Məlumata görə, o, Qara Dəniz Donanmasının gəmisində dövlət müqaviləsi çərçivəsində aparılan təmir işlərinin keyfiyyətsiz şəkildə qəbul edilməsi üçün rüşvət almaqda və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.
"Sevastopol qarnizon hərbi məhkəməsi tərəfindən şübhəli barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - deyə məlumatda bildirilib.
FTX-nin məlumatına görə, zabit yerli gəmi təmiri zavodunun direktorundan təmir işlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş pulları alıb. İş üzrə sənədlər məhkəməyə təqdim edilib.