"Klub prezidentləri də istintaqa cəlb olunacaq. Yaxın günlərdə başqa bir əməliyyat keçirə bilərik. Futbolumuzu çirkli oyunlardan təmizləmək istəyirik".
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu İstanbul Baş prokuroru Akın Gürlek deyib.
Gürlek mərc oyunlarına pul qoyuluşu ilə bağlı aparılan istintaqla bağlı mühüm açıqlamalar verib:
"Bizimlə Türkiyə Futbol Federasiyasının (TFF) araşdırmaları arasında fərqli məqamlar var. Onlarla birbaşa əlaqəmiz yoxdur. TFF tərəfindən cəzalandırılan şəxslərlə bağlı yenidən istintaqın başlamasından söhbət gedə bilməz. Bunun üçün məhkəmə araşdırması tələb olunmur. Bu barədə bizə məlumat verirlər və lazımi tədbirləri görürük.
Qaynar xəttimiz mövcuddur. Çox sayda şikayət alırıq. UEFA və İnterpolla da müqavilələrimiz var. Bizə siyahı göndərəcəklər. Yaxın günlərdə daha bir əməliyyat keçirə bilərik. Futbolumuzu çirkli oyunlardan təmizləmək istəyirik. İstintaqı sona qədər davam etdirəcəyik. Əməliyyatlarda təkcə hakimləri deyil, klub prezidentlərini də görəcəksiniz. Bütün şübhəli məqamları araşdırırıq".