Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması üçün vasitəçiliyə ehtiyac yoxdur.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bildirib.
“Hesab edirik ki, indi vasitəçilər lazım deyil. Bizim mövqeyimiz Türkiyə tərəfinə məlumdur, diplomatik münasibətlərimiz pozulmayıb, Moskva və Ankaradakı səfirliklər fəaliyyətini davam etdirir.
Əgər Türkiyə münasibətlərin normallaşdırılması üçün real addımlar atmaq istəsə, o zaman bunun üçün yetərli imkanlar var”, - Rusya səfiri bildirib.
“Rusiya prezidenti Vladimir Putin münasibətlərdə yaranan bu dərin böhranın aradan qaladırılması üçün Türkiyənin nə etməli olduğunu əvvəlcədən demişdi. Biz Türkiyə tərəfinin rəsmi üzr istəməsini, təqsirkarların cəzalandırılmasını və dövlətimizə vurulan ziyan üçün təzminatın ödənilməsini gözləyirik”, - o deyib.
Onun fikrincə, Türkiyə tərəfinin təəssüf etdiyini bildirməsi yetərli deyil, belə ki, “onların səviyyəsi baş verənlərə müvafiq deyil”.
Qeyd edək ki, Rusiya və Türkiyə münasibətlərində 2015-ci ilin noyabr ayının 24-də Türkiyə “F-16” qırıcısının Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus “Su-24” bombardmançısının vurulmasından sonra böhran yaşanır.