Rusiyanın Moskva yaxınlığındakı Reutovo şəhərində 43 yaşlı azərbaycanlı iş adamı öldürülüb.
Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, azərbaycanlı Emin Quliyev atıcılıq poliqonunda 17 yaşlı oğulluğu tərəfindən ehtiyatsızlıqdan sinəsindən karabinlə güllələnərək öldürülüb.
Quliyev hadisə zamanı məktəbli oğulluğunun şəklini telefonu ilə çəkirmiş.
Qeyd edilib ki, ötən gecə Emin Quliyev oğulluğu Dənizlə birlikdə "Streletski" atıcılıq və idman mərkəzinə gedib. O, özü ilə "Tiger" karabinini götürüb.
Atıcılıq dərslərinin keçirildiyi otağa girən Emin əvvəlcə özü atəş açıb, sonra karabini oğulluğu Dənizə verib. Kişi özü ögey oğlunun şəklini telefonunla çəkmək üçün qabağa çıxıb. Ögey atasını görməyən oğlan atəş xəttinə keçərək karabindən atəş açıb və ehtiyatsızlıqdan Eminin sinəsindən vurub. Kişi yerindəcə dünyasını dəyişib.
Mərkəzin administratoru Mixail Aborin Eminə çəkiliş otağını təqdim etsə də, ona və oğulluğuna heç bir göstəriş verilməyib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan ölümlə nəticələnən xidmətlərin göstərilməsi" maddəsi ilə cinayət işi başlanıb.
"Telegram" kanalının məlumatına görə, yeniyetmə güclü stres keçirir.
İş Moskva vilayəti üzrə İstintaq Komitəsinin nəzarətindədir.
Rəylər