Rusiyanın Stavropol diyarında terror aktının qarşısı alınıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, terror aktı Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşı tərəfindən hazırlanıb. Əcnəbilər insanların kütləvi toplaşdığı yerlərdən birində partlayış törətməyi planlaşdırıblar.
Faktla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Stavropol diyarı üzrə İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin “Terror aktı” maddəsi üzrə cinayət işi açılıb.
“Stavropol diyarında iş üzrə təqsirləndirilən şəxslərin yaşayış yerində aparılan istintaq tədbirləri zamanı əldəqayırma partlayıcı qurğunun komponentləri, kimyəvi maddələr və dağıdıcı elementlər aşkar edilərək götürülüb”, - deyə xüsusi xidmət orqanlarından bildirilib.
Federal Təhlükəsizlik Xidməti əməliyyatın digər təfərrüatları və saxlanılanların kimliyini açıqlamayıb.
Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall”da terror aktı törədilib. Son məlumatlara görə, 144 nəfər həlak olub, 382 nəfər yaralanıb, onlardan 217 nəfərə ambulator yardım göstərilib.
Elə həmin gün terror aktını törədən dörd nəfər saxlanılıb: Dalerjon Mirzoev, Saidakram Raçabalizoda, Şamsidin Fariduni və Muxammadsobir Fayzov. Onlar Bryansk vilayətində, Ukrayna sərhədinə doğru getdikləri zaman saxlanılıblar. Daha beş nəfər, istintaqın fikrincə, cinayətin ortaqlarıdır.
Mənbə: İnterfaks.ru
Rəylər