Pervouralskda (Rusiya) dini bir olanları Yeni ili və digər dövlət bayramlarını qeyd etməməyə çağıran müsəlman qadını mühakimə edirlər. Buna görə onu nifrət və düşmənçiliyi alovlandırmaqda ittiham edirlər.
Məhkəmə prosesi bu günlərdə Pervouralskın şəhər məhkəməsində başlayıb. Müttəhimlər kürsüsündə 23 yaşlı müsəlman qadın Elvira Sultanəhmədova oturub. Qadını Cinayət Məcəlləsinin 282 maddəsinə - “Nifrət və ya düşmənçiliyin yaradılması”na görə ittiham edirlər.
Bu maddəyə əsasən Sultanəhmədova iki il azadlıqdan məhrum edilə bilər.
İttihamın əsasına qadının Yeni il də daxil olmaqla, Rusiyanın dövlət bayramlarının ünvanına tənqidi ifadələri əlavə edilib.
Pervouralskın “Qorodskie vesti” nəşri yazır ki, Sultanəhmədova sosial şəbəkələrdə bu bayramları bütpərəst bayramlar adlandıraraq müsəlmanları onları qeyd etməməyə çağırırdı.
“Uşaq bağçasından başlayaraq, uşaqlara Allah deyil, Santa Klausa, Şaxta babaya və s. inanmağı öyrədirlər. Bu uşaqlara deyilən ən böyük yalan və onlarda çoxallahlılığın tərbiyə edilməsindən başqa bir şey deyil”, - o iddia edib.
Yeni ildən başqa Sultanəhmədova Qələbə gününü və Pasxanı da tənqid edib, bu isə provoslavlara təsir edib, onlardan biri İstintaq komitəsinə şikayət ərizəsi yazıb.
“Mən istəmirəm ki, belə ifadələr olsun, nəticədə bu milli və dini münaqişələrə gətirib çıxara bilər”, - iddiaçı məhkəmədə bildirib.
Bu iş üzrə qərar artıq dekabrda, Yeni ilə yaxın veriləcək.