Sosial şəbəkələr dövrü informasiya almaq, bu və ya digər məsələyə dair istifadəçi fikrini öyrənmək, yerində sosial sorğu aparmaq kimi imkan və xüsusiyyətlərə malikdir.
Və sizə bir şey deyim, bəzən bu fikir təəccübləndirir, həm də çox...
Bakıda parkın və ya hər hansı bir yeni binanın tikilməsinə dair xəbər “xalqın ehtiyacı göz qabağındadır, park tikməkdənsə maaşları qaldırardılar (“ehtiyacı olanlara pul verərdilər”, “sosial təminatları artırardılar”, “məscid tikərdilər" və s. Variantlar müxtəlif ola bilər) ruhunda səslənən qəzəbli çıxışlar və yüzlərlə şərh ilə müşayiət edilir.
Bu qəbildən olan şərhləri oxuduqda adama elə gəlir ki, şərhləri yazanların hamısı səfalət içindədirlər və gecə-gündüz qazanc vasitəsi axtarırlar.
Və birdən həmin bu aclıqdan, səfalətdən, kasıblıqdan zinhara gəlmiş şərhçilərin Bakının heç də ucuz olmayan bir restoranında Yeni il gecəsi üçün stol bron elədiyini görürsən. Hə, həm də bu fağırın səhifəsinə baxdıqda son yarım ildə İstanbulda, Praqada və Vyanada olduğuna ikiqat təəccüblənirsən...
Maraq üçün bütün məşhur restoranlara zəng vurdum və məlum oldu ki, 31 dekabr günü üçün bütün yerlər artıq tutulub. Eyni vəziyyət son illərdə populyarlaşan Quba, Qəbələ və s. istirahət məkanlarında da müşahidə edilir.
Əgər nəzərə alsaq ki, normal istirahət yerində Yeni il bayram süfrəsi və şou proqram ən azı adam başına 150 manata başa gəlir, oteldə iki gün gecələmə isə 600 manat olacaq. O zaman çox maraqlı bir vəziyyətlə qarşılaşırıq: ağzı köpüklənə-köpüklənə imkansızlıqdan şikayət edənlər bir ay əvvəldən restoran, otel və istirahət mərkəzlərində bütün yerləri tutublar.
Bu hələ bayramlarda ölkədən kənara çıxacaq daha şanslı vətəndaşları hesaba almadan yaranan vəziyyətdir. Belə bəxtəvərlərin axınından isə turizm agentlikləri boğulur, Türkiyə, Gürcüstan, Fransa, İtaliya və BƏƏ-yə bu tarixlərdə olan reyslərin biletləri isə demək olar ki, artıq satılıb.
Mən öncədən bu materialın dərcindən sonra ünvanıma söylənəcək lənətləri təsəvvür edirəm. Şık bir restoranda bir gecəlik əyləncəyə orta imkana malik bir ailənin aylıq xərcini sərf edəcək insanlar sinələrinə döyə-döyə nə vaxt harada, kimə necə yardım etdiklərini mənə sübut etməyə çalışacaqlar. Yenə də dul qadınların, yetim uşaqların və əlillərin acınacaqlı vəziyyətinə baxmayaraq, onların hallarına acımaqdan əl çəkməyərək yenə də həmin şənliyə gedəcək, sakitcə şərab içib oynayacaqlar.
Simasızlıq məncə insanların malik olduğu ən alçaq keyfiyyətdir. Belələri isə cəmiyyətimizdə həmişə olub və olacaq. Ona görə də maskaları bir kənara qoyun, çünki nə acları doyuran, nə yetimləri əzizləyən, nə də evsizin başının üstündə dam tikən olmayacaq.
Ehtiyacı olanlar üçün nə isə etmək istəyirsizsə, sadəcə edin. İnildəməyin və hər şeyi dövlətin üzərinə yıxmayın. Əgər xaricə getməyə pulunuz çatırsa, demək ki, bir kasıb ailəyə müntəzəm olaraq yardım etməyə də imkanınız çatar. Mütəmadi yardımı bir kənara qoyaq, ən azından bazarlıq edib onlara da bayramda qazan asıb süfrəyə toplaşmaq sevinci yaşadın.
Uşaq evlərindəki uşaqların vəziyyəti sizi dəhşətə gətirir? Bir yetimi övladlığa götürün, ona valideyn sevgisi, hərarət və ev verin. Deməyin ki, bu da mümkün deyil. Bilirəm körpəni övladlığa götürmək çətindir, amma bir qədər böyük yaşda uşaqla problem yoxdur. Amma üzərinə belə məsuliyyət götürmək istəyən azdır, axı sızıldayıb inildəmək daha asandır. Ən əsası da havayıdır.
Əflatun İsrafilov