Ukraynanın ədliyyə naziri Pavel Petrenko şərəf və ləyaqətinin müdafiəsi üçün “Rux novix sil” siyasi partiyasının lideri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə qarşı iddia qaldıracağını bəyan edib.
Oxu.Az xəbər verir ki, Petrenko bu barədə “Facebook” səhifəsində yayımlanan brifinqdə bildirib.
Petrenko bəyan edib ki, onunla görüşə gələn Saakaşvili “özünü bazar adamı kimi aparıb, söyüş söyüb, dava salmağa çalışıb”.
O, həmçinin iddia edir ki, Ədliyyə Nazirliyi qarşısında keçirilən mitinqdə Saakaşvili və onun tərəfdarları nazirliyin “Rux novix sil” partiyasının adının dəyişdirilməsini qeydiyyatdan keçirməkdən imtina etdiyinə, “Saakaşvilinin Bloku” klon-partiyanı qanunsuz qeydiyyatdan keçirdiyinə dair həqiqətəuyğun olmayan məlumatı səsləndiriblər.
Petrenko bildirib ki, partiyanın adının dəyişdirilməsi yalnız bütün lazımi sənədlər təqdim edildikdən sonra mümkün olacaq.
Gürcüstanın sabiq prezidenti ilə eyni soyadını daşıyan şəxsin partiyasının qeydiyyatdan keçirilməsi isə məhkəmənin göstərişi idi.
“Bir il bundan öncə arasında Saakaşvili soyadlı şəxsin də olduğu bir qrup Ukrayna vətəndaşı “Saakaşvili Bloku” partiyasının qeydiyyatdan keçirilməsi üçün sənəd təqdim edib. Ədliyyə Nazirliyi bu partiyanın qeydiyyatdan keçirilməsinə imtina edib. Bu vətəndaşlar məhkəməyə müraciət ediblər – məhkəmə prosesi bir ildən çox çəkib. İş Ali İnzibati Məhkəməyə qədər çatıb. Mixail Saakaşvili bu məhkəmə prosesindən xəbərdar idi, amma həmin müddət ərzində işə müdaxilə etmək istəməmişdi. Bu gün isə vəziyyəti elə təsvir edir ki, sanki Ədliyyə Nazirliyi qanunsuz hərəkət edib”, - Petrenko bildirib.
N.О.
www.oxu.az