Sakit okeanda tək səyahət zamanı itkin düşən ABŞ-li dənizçi Kay Sato 30 günlük dreyfdən (külək və ya su axınının təsiri ilə gəminin hərəkəti - red.) sonra sağ tapılıb.
Oxu.Az-ın "Hawaii News Now" nəşrinə istinadən verdiyi məlumata görə, dənizçini sahildən yüzlərlə mil aralıda konteyner gəmisinin heyəti xilas edib.
Kaliforniyadan olan şəxs 2026-cı ilin 7 iyununda okeanı təkbaşına üzüb keçmək məqsədilə Katalina adalarından yaxta ilə yola düşüb. İki həftə sonra gəmidə dirək sınıb. Eyni zamanda Satonun naviqasiya üçün istifadə etdiyi telefon da sıradan çıxıb. Güclü cərəyan səbəbindən Kaliforniya sahillərindən 500 mil aralıda yaxtanın yanacağı tükənib və gəmi cənub istiqamətində sürüklənməyə başlayıb.
"Özümü çarəsiz hiss edirdim. Mən sanki axın tərəfindən getdikcə daha da uzaqlaşdırılan ördək kimi idim", - deyə Kay Sato bildirib.
Dənizçinin sözlərinə görə, dreyfdə ilk həftəni göz yaşları içində keçirib. Şirin su ehtiyatları tükəndikdə, o, plastik vasitəsilə kondensat toplamağa başlayıb. Dənizçi əsasən yulaf sıyığı, o cümlədən göyərtəyə atılan kalmar və balıqlarla qidalanaraq həyatda qalıb. Sato gəmilərin hərəkət etdiyi marşrutlara çata bilmək üçün kayak avarlarından yararlanıb.
İyulun 21-də "M/V George III" adlı konteyner gəmisinin ekipajının diqqətini sürüklənən yaxta cəlb edib. Bu zaman ABŞ-li dənizçi Havay adalarından təqribən 900 mil məsafədə olub.
"Bütün ekipaj üzvləri tənha dənizçi Satonu xilas etmək əməliyyatına cəlb olundu", - deyə gəminin heyət üzvlərindən biri bildirib.
Sato köməyinə yetişənləri görəndə ekstaz yaşadığını etiraf edib. Onun sözlərinə görə, dənizçilər dərhal onu təmiz su və meyvələrlə təmin ediblər. O, artıq qohumlarının yanına qayıdıb. Yaşadıqlarına baxmayaraq, dənizçi yeni səyahət planlaşdırır: bu dəfə Filippinə. Lakin o etiraf edib ki, belə bir səfər üçün ona daha böyük gəmi lazım olacaq.