Böyük Britaniya və hindistanəsilli yazıçı Salman Rüşdiyə qarşı suiqəsd cəhdinə görə artıq 25 il həbs cəzası alan ABŞ vətəndaşı Hadi Matar əlavə ittihamlar, o cümlədən terror təşkilatına maddi dəstək göstərmək maddəsi üzrə də təqsirli bilinib.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nyu-Yorkun federal məhkəməsi Hadi Matarı ABŞ, Böyük Britaniya və bir sıra digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Livanın silahlı "Hizbullah" qruplaşmasına maddi dəstək göstərməkdə təqsirli bilib.
Prokurorluğun iddiasına görə, Matar 1989-cu ildə İranın ali lideri tərəfindən Salman Rüşdinin öldürülməsi ilə bağlı verilmiş fətvanın təsiri altında hərəkət edib.
Salman Rüşdi məhkəmədə ifadə verərək hücum anını xatırlayıb və bildirib ki, yanğınsöndürənin vaxtında göstərdiyi tibbi yardım onun həyatını xilas edib.
Münsiflər heyəti Hadi Matarı həm transmilli terror aktı törətməkdə, həm də "Hizbullah" təşkilatına maddi dəstək göstərməkdə təqsirli bilib.
Nyu-York ştatının Baffalo şəhərində keçirilən məhkəmə prosesində prokurorlar bildiriblər ki, Matarın motivi "Hizbullah"ın o vaxtkı liderinin 2006-cı ildə Salman Rüşdiyə qarşı verilmiş fətvanın icrasına çağıran çıxışı olub. İddialara görə, o, hücuma iki il hazırlaşıb.
"Buffalo News" nəşrinin məlumatına görə, ABŞ prokurorunun köməkçisi Timoti Linç yekun çıxışında deyib:
"Təqsirləndirilən şəxs qərara gəlib ki, bunu heç kim etməyəcək, ona görə də özü hərəkət etməlidir. Məhz o, bu çağırışa cavab verib".
Məhkəmədə Hadi Matarın çəkdiyi videoçarxlar da nümayiş etdirilib.
Şahid qismində ifadə verən Salman Rüşdi bildirib ki, hücum zamanı yanağından, sinəsindən, gözündən, boynundan və budundan olmaqla ümumilikdə 15 bıçaq zərbəsi alıb.
"Mən səhnədə uzanmışdım, ətrafımda böyük bir qan gölməçəsi var idi", - deyə yazıçı bildirib.
Rüşdi, həmçinin hücum nəticəsində bir gözündə görmə qabiliyyətini qismən itirdiyini, bıçağın isə beyninə çox yaxın məsafədən keçdiyini söyləyib.
Müdafiə tərəfi isə Matarın əməlində terror motivinin olmadığını iddia edib. Vəkillər yazıçıdan 1988-ci ildə nəşr olunan və böyük mübahisələrə səbəb olan "Şeytan ayələri" romanına belə reaksiyanın gözlənilən olub-olmadığını soruşublar.
Rüşdi buna belə cavab verib:
"Mən hesab etmirəm ki, burada kitab mühakimə olunur. Mühakimə olunan başqa birisidir".
Qeyd edək ki, Hadi Matar 2025-ci ildə Nyu-York ştat məhkəməsi tərəfindən qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək 25 il həbs cəzasına məhkum edilib. Federal məhkəmənin son qərarından sonra onu ömürlük həbs cəzası gözləyir.