Bu il əlverişsiz hava şəraiti Qubada bir sıra meyvə bağlarına ciddi ziyan vurub. Zərər görən təsərrüfatlardan biri də alma bağlarıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Əksər bağlarda almaların xarici görünüşü korlanıb, meyvələrin üzərində ləkələr əmələ gəlib, keyfiyyəti aşağı düşüb. Bu isə fermerləri çətin vəziyyətə salıb. Fermerlərdən biri deyib:
"Şəxsən mən bağa 2 500 manat xərc çəkmişəm. Bir hektar bağdan adətən 8-10 min manat gəlir əldə edirdik. Amma bu il çəkdiyim xərci belə çıxara bilməyəcəyəm. 10 alma dərsəm, onların heç biri tam sağlam deyil. Məhsulun təxminən 90 faizi dəmgilə tutulub. Emal zavodları da bu almaları cəmi 5-6 qəpiyə qəbul edir. Demək olar ki, satışa yararlı məhsul yoxdur".
Digər fermer isə bildirib:
"Bu il hava şəraiti ilə əlaqədar yağıntılar çox oldu. Dərmanlar da çox baha idi. Əvvəlki illərlə müqayisədə xərclərimiz xeyli artıb. Buna baxmayaraq, ağacları dəmgil xəstəliyi basıb. Məhsulun təxminən 90 faizi yararsız vəziyyətə düşüb. Satış üçün yararlı alma demək olar ki, yoxdur. Yalnız emal üçün istifadə oluna bilər, onu da alan tapılmır. Hazırda 10-15 min manat zərər içindəyik".